Netanyahu Livanın cənubu ilə bağlı müşavirə keçirdi

İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və hərbi rəhbərlik Livanın cənubundakı vəziyyəti müzakirə edərək “heç bir güzəşt olmayacağını” bəyan ediblər.

10

İsrail rəhbərliyi Livanın cənubundakı təhlükəsizlik vəziyyəti ilə bağlı yeni bəyanat yayıb.

MSNews.az xəbər verir ki, “Reuters” İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin birgə bəyanatla çıxış etdiyini yazıb. Bəyanatda İsrail ordusunun Livanın cənubunda “təhlükəsizlik zonasını” saxlayacağı bildirilib.

“Israel National News” məlumatına görə, bəyanat Şimal Hərbi Dairəsinin komandanı Rafi Milo ilə aparılan təhlükəsizlik müzakirəsindən sonra yayılıb. İsrail tərəfi ordunun hərbçilərə və mülki şəxslərə qarşı mümkün təhlükələri aradan qaldırmaq üçün “qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəyini” bildirib.

Bəyanatda İsrail ordusunun “terror infrastrukturu” adlandırdığı obyektləri hədəf alacağı və Livanın cənubunda mövcud təhlükəsizlik xəttini qoruyacağı vurğulanıb. Rəsmi şəxslər İsrail vətəndaşlarının və hərbçilərinin təhlükəsizliyinin əsas prioritet olaraq qalacağını qeyd ediblər.

“Times of Israel” də Netanyahu, Katz və Zamirin Livan istiqamətində “qətiyyətli fəaliyyət” xəttini yenidən təsdiqlədiyini yazıb. İsrail tərəfi bu məsələdə “heç bir güzəşt olmayacağını” bəyan edib.

“Reuters” daha əvvəl yazmışdı ki, müdafiə naziri İsrael Katz Livandakı israilli hərbçilərin təhdidlə üzləşəcəyi halda sərbəst hərəkət edə biləcəyini bildirib. Livanın cənubunda vəziyyət İsrail və “Hizbullah” arasında gərginlik fonunda həssas olaraq qalır.