Fələstində prezident və parlament seçkiləri təxirə salındı

Fələstin Prezidenti Mahmud Abbas parlament seçkilərini təxirə salaraq prezident və parlament seçkilərinin 11 sentyabr 2027-ci ildə keçirilməsinə qərar verib. Qərar İsrailin məhdudiyyətləri və Qəzzadakı vəziyyətlə əsaslandırılıb.

59

Fələstin Prezidenti Mahmud Abbas 2026-cı il noyabrın 28-nə təyin edilmiş parlament seçkilərini təxirə salıb. Onun imzaladığı yeni fərmana əsasən, prezident və parlament seçkiləri eyni gündə – 2027-ci il sentyabrın 11-də keçiriləcək.

MSNews.az xəbər verir ki, qərar oktyabrın 10-da Fələstin Prezident Administrasiyası tərəfindən rəsmən açıqlanıb. “Reuters” agentliyinin məlumatına görə, Abbas seçkilərin təxirə salınmasını İsrailin tətbiq etdiyi məhdudiyyətlər və Fələstin ərazilərindəki ağır təhlükəsizlik vəziyyəti ilə əsaslandırıb.

Fərmanda bildirilir ki, İordan çayının qərb sahilində İsrailin hərbi əməliyyatları, yaşayış məntəqələrinin genişləndirilməsi və hərəkət azadlığına qoyulan məhdudiyyətlər seçkilərin keçirilməsini çətinləşdirir.

Qəzza zolağında davam edən ağır humanitar vəziyyət, dağıdılmış infrastruktur və təhlükəsizlik problemləri də əsas maneələr sırasında göstərilib. Fələstin rəhbərliyinin məlumatına görə, İsrailin məhdudiyyətləri seçki komissiyasının əməkdaşları və beynəlxalq müşahidəçilərin Qəzza ilə Şərqi Qüdsə girişini çətinləşdirir.

Qərar Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsində aparılan müzakirələrdən və siyasi qüvvələrlə məsləhətləşmələrdən sonra qəbul edilib.

“Al Jazeera” telekanalının məlumatına görə, Fələstin rəhbərliyi seçkilərə qədər daxili siyasi dialoqun genişləndirilməsini və bütün ərazilərdə səsvermə üçün əlverişli şəraitin yaradılmasını hədəfləyir.

Bununla belə, qərar İsrailin etirazına səbəb olub. İsrailin xarici işlər naziri Gideon Saar Abbasın seçkilərin təxirə salınmasını İsrailin hərəkətləri ilə əlaqələndirməsini rədd edərək Fələstin rəhbərliyini məsuliyyətdən yayınmaqda ittiham edib.

Qeyd edək ki, Fələstində son parlament seçkiləri 2006-cı ildə, prezident seçkiləri isə 2005-ci ildə keçirilib. Həmin parlament seçkilərində HƏMAS-ın qələbəsindən sonra FƏTH və HƏMAS arasında yaranan siyasi qarşıdurma Fələstin idarəçiliyində uzunmüddətli parçalanmaya səbəb olub.

Mahmud Abbas 2005-ci ildən Fələstin Administrasiyasına rəhbərlik edir. Onun prezidentlik müddəti 2009-cu ildə başa çatsa da, yeni seçkilər keçirilmədiyi üçün vəzifəsini davam etdirir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.