Moşe Feyqlin Qəzza əhalisinin çıxarılmasını və suyun kəsilməsini istəyir

İsrailin “Zehut” partiyasının lideri Moşe Feyqlin Qəzza əhalisinin ərazidən çıxarılmasını müdafiə edib. O, daha əvvəl Qəzzada “qələbə üçün su kranını bağlamağın kifayət etdiyini” də bildirib.

64

İsrailin sağçı “Zehut” partiyasının rəhbəri və keçmiş Knesset üzvü Moşe Feyqlin Qəzza sektorunda yaşayan fələstinlilərin ərazidən çıxarılmasını müdafiə edən sərt açıqlamalar verib.

MSNews.az xəbər verir ki, “Zehut”un rəsmi media platformasında avqustun 4-də Feyqlinin “Qəzzada bir nəfər də qəzzalı qalmamalıdır” məzmunlu paylaşımı yayımlanıb. Bir gün sonra isə o, Qəzza müharibəsinin yalnız “işğal, qovulma və məskunlaşma” ilə başa çatdırıla biləcəyini bildirib.

Feyqlin son dövrdə su və humanitar təminatın dayandırılmasını da açıq şəkildə müdafiə edib. Onun rəsmi “Telegram” kanalında yayımlanan açıqlamada “Qəzzada qalib gəlmək üçün su kranını bağlamaq kifayətdir” ifadəsi yer alıb. Eyni paylaşımda müharibə nəticəsində insanların aclıqdan ölə biləcəyi barədə suala Feyqlin “çox təəssüf” məzmununda cavab verərək bunu müharibənin nəticəsi kimi əsaslandırıb.

İsrailin “Channel 14” telekanalına 2025-ci ilin mayında verdiyi müsahibədə Feyqlin daha da irəli gedərək Qəzzadakı bütün uşaqları “düşmən” adlandırmış, sektorun ələ keçirilməsini və orada qəzzalı uşağın qalmamasını istəmişdi. Bu açıqlamalar beynəlxalq mediada geniş tənqid olunmuşdu.

2026-cı ilin iyununda isə “Channel 14” Feyqlinin yeni siyasi proqramını təqdim edərək onun Qəzza ilə bağlı mövqeyini yenidən “işğal, qovulma və məskunlaşma” formuluyla ifadə etdiyini yazıb.