ABŞ Futbol Federasiyası Yaxın Şərqdə davam edən hərbi qarşıdurmalar və təhlükəsizlik riskləri səbəbindən 17 yaşadək futbolçulardan ibarət milli komandasını Qətərdə keçiriləcək FIFA dünya çempionatından geri çəkib. Qərar turnirin başlanmasına bir həftə qalmış qəbul edilib.
MSNews.az xəbər verir ki, bu barədə Reuters və Associated Press agentlikləri məlumat yayıb.
ABŞ Futbol Federasiyası noyabrın 11-də futbolçulara göndərdiyi məktubda qərarı Dövlət Departamentinin Qətərlə bağlı üçüncü səviyyəli səyahət xəbərdarlığı ilə əsaslandırıb. Bu xəbərdarlıq silahlı münaqişə riskinə görə ölkəyə səfərlərin yenidən nəzərdən keçirilməsini tövsiyə edir.
Federasiya futbolçuların və məşqçilər heyətinin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb.
Noyabrın 19-da başlayacaq dünya çempionatında ABŞ millisi ilk oyununu noyabrın 21-də Monteneqroya qarşı keçirməli idi. Komandanın qrupdakı digər rəqibləri Çili və Əlcəzair idi.
FIFA isə açıqlamasında turnirin təhlükəsizlik vəziyyətində yeni dəyişiklik qeydə alınmadığını və Qətər hakimiyyəti ilə əlaqələrin davam etdirildiyini bildirib.
Bu arada, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki hərbi mövcudluğu ilə bağlı da diqqətçəkən məlumatlar yayılıb.
Navy Times nəşrinin məlumatına görə, “USS George H.W. Bush” təyyarədaşıyan gəmisinin ekipaj üzvlərinin ailələrinə hərbi missiyanın 12 aya qədər davam edə biləcəyi barədə xəbərdarlıq edilib.
Noyabrın 9-da keçirilən görüşdə ailələrə gəminin Şükranlıq Günü və Milad bayramları üçün ABŞ-a qayıtmayacağı bildirilib.
Əvvəlcə altı-yeddi ay davam edəcəyi gözlənilən missiyanın müddəti artıq iki dəfə uzadılıb. Ailələrə 12 aylıq xidmət müddətinə hazırlaşmaq tövsiyə edilsə də, bunun yekun qərar olmadığı qeyd olunur.
Hər iki hadisə Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti fonunda baş versə də, ABŞ millisinin turnirdən çəkilməsi ilə təyyarədaşıyan gəminin missiyasının uzadılması arasında birbaşa əlaqə olduğu təsdiqlənməyib.