Azərbaycan Dublində üç beynəlxalq sənədə qoşulmaqdan imtina etdi

Azərbaycan Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında təhlükəsizlik, miqrasiya və narkotiklərlə mübarizəyə dair üç sənədə qoşulmayıb. Xarici İşlər Nazirliyi qərarın səbəbini əlavə hüquqi və siyasi öhdəliklərin yaranması ilə izah edib.

17

Azərbaycan noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində irəli sürülmüş üç beynəlxalq sənədə qoşulmayıb. Xarici İşlər Nazirliyi qərarın hüquqi və siyasi baxımdan əlavə öhdəliklərin yaranması ilə əlaqədar olduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualını cavablandırarkən bildirib. XİN-in rəsmi açıqlamasına əsasən, Azərbaycan aşağıdakı sənədlərə qoşulmayıb:

  • “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”
  • “Miqrasiya haqqında Bəyanat”
  • “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı”

Ayxan Hacızadə bildirib ki, sözügedən sənədlər bəzi ölkələrin təşəbbüsü ilə irəli sürülüb və onlara bir sıra dövlətlər qoşulub.

“Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, – deyə XİN rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Avropa Siyasi Birliyi üzv və iştirakçı ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqinə xidmət edən qeyri-rəsmi dialoq platforması kimi formalaşıb.

Hacızadə qeyd edib ki, Azərbaycanın sammitdə iştirakının əsas məqsədi qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək, ortaq çağırışlara dair mövqeləri bölüşmək və iştirakçı ölkələrlə əməkdaşlığı genişləndirməkdir.