Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” ölkədə yerləşən müəssisələrinə yeni investisiyaları dayandırmaq barədə qərar qəbul edib. Şirkət rəhbərliyi istehsal xərclərinin yüksək olması səbəbindən bəzi zavodların bağlanması və istehsalın xaricə köçürülməsi imkanlarını nəzərdən keçirir.
MSNews.az xəbər verir ki, bu barədə Reuters və Almaniyanın “Handelsblatt” nəşri məlumat yayıb. Qərar noyabrın 12-də şirkətin daxili şəbəkəsində dərc olunan rəhbərlik müsahibəsində açıqlanıb.
“Mercedes-Benz”in istehsalat rəhbəri Mixael Şibe bildirib ki, idarə heyəti Almaniyadakı müəssisələrə bütün yeni investisiyaların dayandırılması barədə birgə qərar qəbul edib. Onun sözlərinə görə, mövcud xərc strukturu ilə ölkədə istehsala əlavə sərmayə yatırmaq iqtisadi baxımdan məqsədəuyğun deyil.
Şibe qeyd edib ki, Almaniyada avtomobil istehsalında bir iş saatının dəyəri bəzi hallarda Şərqi Avropadakı zavodlarla müqayisədə beş dəfə yüksəkdir.
Şirkətin əmək məsələləri üzrə rəhbəri Britta Zeeqer isə aylarla davam edən danışıqların nəticəsiz qaldığını açıqlayıb.
“Hamımız zavodların bağlanmasından nəyin bahasına olursa-olsun qaçmaq istəyirik. Təəssüf ki, artıq bu variantı daha konkret şəkildə nəzərdən keçirməliyik”, – deyə o bildirib.
Şirkət rəhbərliyi xərcləri azaltmaq məqsədilə işçilərin həftəlik iş müddətinin 35 saatdan 40 saata artırılmasını, lakin əməkhaqqının dəyişməz saxlanılmasını istəyir. “IG Metall” həmkarlar ittifaqı isə bu təklifə qarşı çıxır.
“Handelsblatt”ın məlumatına görə, şirkət hər il 800 milyon avroya qədər qənaət etməyi hədəfləyir.
Bundan əvvəl rəhbərlik xərclərin azaldılmayacağı təqdirdə Almaniyada bir avtomobil yığımı və bir güc aqreqatları zavodunun bağlana biləcəyi barədə xəbərdarlıq etmişdi. Lakin hansı müəssisələrin bağlanacağına dair yekun qərar açıqlanmayıb.
Qərar Almaniya avtomobil sənayesində satışların azalması, istehsal xərclərinin artması və Çin şirkətləri ilə rəqabətin güclənməsi fonunda verilib. “Mercedes-Benz” xüsusilə Çin bazarında tələbin zəifləməsi və ABŞ-ın ticarət rüsumları səbəbindən maliyyə təzyiqi ilə üzləşir.
Qeyd edək ki, investisiyaların dayandırılması artıq elan edilsə də, zavodların bağlanması barədə yekun qərar qəbul edilməyib.