Ermənistanda Paşinyana qarşı yeni kampaniya başladı – Konstitusiya böhranı dərinləşir

Ermənistan müxalifəti noyabrın 8-dən Konstitusiyanın dəyişdirilməsinə qarşı kütləvi məlumatlandırma kampaniyasına başlayıb. Müxalif qüvvələr islahatların Azərbaycanın tələbləri ilə əlaqəli olduğunu iddia edir, hökumət isə bu ittihamları rədd edir.

24

Ermənistanda müxalif siyasi qüvvələr Konstitusiyanın dəyişdirilməsinə qarşı birgə kampaniyaya başlayıblar. Müxalifət mümkün konstitusiya islahatlarını Azərbaycana güzəşt kimi qiymətləndirərək Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı ictimai səfərbərlik elan edib.

MSNews.az xəbər verir ki, “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyan noyabrın 8-dən etibarən İrəvanda məlumatlandırma aksiyalarının keçirildiyini açıqlayıb.

Bu barədə “CivilNet” və “News-Armenia” məlumat yayıb.

Karapetyanın sözlərinə görə, aksiyalarda müxalif partiyaların rəhbərləri və fəalları iştirak edərək vətəndaşlara planlaşdırılan konstitusiya dəyişikliklərinin mümkün nəticələrini izah edəcəklər.

“Biz Konstitusiyamızı müdafiə edəcəyik. Bizim Konstitusiyamızı başqaları yaza bilməz”, – deyə Karapetyan bildirib.

Müxalifət nümayəndəsi konstitusiya islahatlarını “Əliyev Konstitusiyası” adlandıraraq dəyişikliklərin Azərbaycanın tələbləri əsasında həyata keçirildiyini iddia edib. O, etirazların küçə aksiyalarına çevrilməsi ehtimalını da istisna etməyib.

Noyabrın 4-də bir sıra müxalif qüvvələr konstitusiya islahatlarına qarşı birgə bəyanat qəbul ediblər. Təşəbbüsə “Güclü Ermənistan”, “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan”, Respublikaçılar Partiyası və digər siyasi təşkilatlar qoşulub.

Müxalifətin əsas tələbləri konstitusiya dəyişikliklərinin dayandırılması, Azərbaycana qarşı birtərəfli ərazi güzəştlərinə yol verilməməsi, Erməni Apostol Kilsəsinin müdafiəsi və demokratik hüquqların qorunması kimi təqdim olunur.

Məsələnin Azərbaycan-Ermənistan münasibətləri baxımından da əhəmiyyəti var. Bakı Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadı sülh sazişinin yekun imzalanmasına maneə hesab edir. Həmin bəyannamədə Ermənistanla keçmiş Dağlıq Qarabağın birləşdirilməsi barədə 1989-cu il qərarına istinad olunur.

Ermənistan hakimiyyəti isə mövcud Konstitusiyanın Azərbaycana qarşı ərazi iddiası ehtiva etmədiyini bildirir. Hakim partiyanın nümayəndələri yeni Konstitusiyanın mətninə Ermənistan vətəndaşlarının referendum yolu ilə qərar verməli olduğunu vurğulayırlar.

Baş nazir Nikol Paşinyanın açıqlamasına əsasən, yeni Konstitusiya layihəsinin noyabr ayında ictimaiyyətə təqdim olunması planlaşdırılır. Bundan sonra sənəd üzrə ictimai müzakirələrin başlanması nəzərdə tutulur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.