İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbindən ölkə üzrə başlayan etiraz aksiyalarında həlak olanların sayının 29-a çatdığını açıqlayıb. ABŞ mərkəzli HRANA-nın yaydığı son hesabatda bildirilir ki, artıq doqquz gündür davam edən etirazlar İranın 31 vilayətindən 27-sini əhatə edib.
Məlumata görə, bu müddət ərzində keçirilən aksiyalarda 27 etirazçı və təhlükəsizlik qüvvələrinə mənsub iki nəfər həyatını itirib. Ölkə üzrə ümumilikdə 257 fərqli nöqtədə baş verən etirazlarda 64 nəfər yaralanıb, 1203 nəfər isə saxlanılıb. Yaralananların böyük əksəriyyətinin saçma və plastik güllələrin dəyməsi nəticəsində xəsarət aldığı vurğulanır.
İran rəsmiləri hələlik etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi açıqlama verməyib. HRANA bir gün əvvəl yaydığı səkkizinci günə dair hesabatda ölənlərin sayının 20, yaralıların 51, saxlanılanların isə 990 nəfər olduğunu bildirmişdi.
Qeyd olunur ki, etirazlar 28 dekabr 2025-ci ildə İranın milli valyutasının xarici valyutalar qarşısında ciddi dəyər itirməsi və iqtisadi çətinliklər fonunda Tehranın Qapalı Bazarında ticarətçilərin başlatdığı aksiyalarla başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Fars Xəbər Agentliyi isə aksiyalar zamanı 250 polis əməkdaşının və 45 Bəsic üzvünün yaralandığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı yanvarın 2-də sosial media hesabında paylaşım edərək, dinc etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-ın onlara yardım edəcəyini bildirib. Tramp yanvarın 4-də də oxşar açıqlama verərək, etirazçıların öldürülməsi halında İranın ABŞ tərəfindən sərt zərbə alacağını və Vaşinqtonun prosesləri yaxından izlədiyini qeyd edib.