ABŞ-da aparılan genişmiqyaslı araşdırma yenidoğulanlarda K vitamini çatışmazlığı və bununla əlaqəli qanaxma hallarının son illərdə kəskin artdığını üzə çıxarıb. Tədqiqatın nəticələrinə görə, 2017–2025-ci illərdə K vitamini çatışmazlığı diaqnozlarının tezliyi üç dəfədən, onunla əlaqəli qanaxmaların tezliyi isə dörd dəfədən çox yüksəlib.
MSNews.az xəbər verir ki, noyabrın 5-də nüfuzlu “JAMA Pediatrics” elmi jurnalında dərc olunan araşdırma ABŞ-da 11 milyondan çox körpənin tibbi məlumatlarının təhlilinə əsaslanır. Tədqiqat zamanı 2017–2025-ci illərdə altı aylığadək uşaqlar arasında K vitamini çatışmazlığı hallarının təxminən 216 faiz, bununla əlaqəli qanaxma diaqnozlarının isə 347 faiz artdığı müəyyənləşdirilib.
“Reuters” agentliyinin məlumatına görə, eyni vaxtda dərc edilmiş digər araşdırmada 5,2 milyon körpənin məlumatları öyrənilib. Məlum olub ki, doğuşdan sonra K vitamini inyeksiyası almayan yenidoğulanların payı 2017-ci ildəki 3,1 faizdən 2025-ci ildə 6,8 faizə yüksəlib.
Profilaktik inyeksiya almayan körpələrdə ilk altı ay ərzində qanaxma riski 47 faiz, kəllədaxili qanaxma riski isə təxminən 2,4 dəfə yüksək olub. Tədqiqatçılar bu nəticələrin profilaktik tədbirlərin əhəmiyyətini göstərdiyini bildiriblər.
K vitamini qanın normal laxtalanmasını təmin edən zülalların aktivləşməsi üçün vacibdir. Yenidoğulanlarda bu vitaminin ehtiyatı təbii olaraq az olur. Bunun əsas səbəbləri K vitamininin plasenta vasitəsilə məhdud ötürülməsi, həzm sistemində sorulmasının zəifliyi və ana südündə onun miqdarının az olmasıdır.
Xüsusilə təhlükəli hesab olunan gecikmiş K vitamini çatışmazlığı qanaxmaları doğuşdan bir həftə sonra başlayaraq altı aylığadək müşahidə edilə bilər. Belə halların təxminən 30–60 faizində kəllədaxili qanaxma baş verir. Bu ağırlaşma qıcolmalara, qalıcı nevroloji zədələrə və bəzi hallarda ölümə səbəb ola bilər.
ABŞ-da K vitamininin doğuşdan sonra əzələdaxili inyeksiya şəklində verilməsi 1961-ci ildən tətbiq olunan standart profilaktik tədbirdir. Bu tövsiyə qüvvədə qalır, lakin son illərdə bəzi valideynlərin inyeksiyadan imtinası artır. Araşdırmalar həmin tendensiyanın körpələrdə ciddi qanaxma riski ilə əlaqəli olduğunu göstərir.
Alimlər nəticələrin ABŞ məlumatlarına əsaslandığını, digər ölkələrdə vəziyyətin səhiyyə sistemlərindən və profilaktik tədbirlərin əhatə dairəsindən asılı olaraq fərqlənə biləcəyini vurğulayırlar.