Kliçkodan Zelenskiyə sərt ittiham: “Hakimiyyət Kiyevi məhv edir”

Kiyevin meri Vitali Kliçko Prezident Volodimir Zelenskini manipulyasiya və yalan danışmaqda ittiham edib. Paytaxtdakı enerji böhranı Ukrayna rəhbərliyində qarşıdurmanı dərinləşdirib.

27

Kiyevin meri Vitali Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskini paytaxtdakı enerji böhranı ilə bağlı manipulyasiya və yalan danışmaqda ittiham edib. O, mərkəzi hakimiyyətin şəhər rəhbərliyinə maneələr yaratdığını və faktiki olaraq Kiyevi məhv etdiyini bildirib.

MSNews.az xəbər verir ki, Kliçko bu barədə noyabrın 6-da “Telegram” kanalında açıqlama yayıb. Merin sərt reaksiyasına Zelenskinin Kiyevdə elektrik və istilik təchizatındakı ağır vəziyyəti şəhər rəhbərliyinin qışa lazımi səviyyədə hazırlaşmaması ilə əlaqələndirməsi səbəb olub.

Bu barədə “Reuters” və “Ukrainska Pravda” məlumat yayıb.

“Mərkəzi hakimiyyətin Kiyevin ən pis vəziyyətdə olması barədə davamlı iddiaları, manipulyasiyalar və yalanlar qəbuledilməzdir. Kliçkodan istənilən yolla xilas olmağa çalışaraq, paytaxta maneələr yaradaraq və kömək göstərməyərək, mərkəzi hakimiyyət faktiki olaraq Kiyevi məhv edir”, – deyə mer bildirib.

Kliçko xatırladıb ki, Kiyevdə istilik mövsümünə oktyabrın 16-da başlanılıb. O, Zelenskidən şəhər rəhbərliyinin məhz hansı qərarları yerinə yetirmədiyini açıqlamağı tələb edib.

Mer həmçinin Rusiyanın bütün Ukrayna ərazisində enerji infrastrukturuna hücumlar həyata keçirdiyini vurğulayaraq elektrik təchizatındakı problemlərə görə yalnız Kiyev rəhbərliyinin məsuliyyət daşıması fikrini rədd edib.

“Ukraynada vahid enerji sistemi mövcuddur. Bütün ölkə üzrə enerji obyektləri dağıdıldığı halda, bir yerdə işıqların yanıb, başqa yerdə Kliçkonun hər şeyi söndürdüyünü söyləmək olmaz”, – deyə o qeyd edib.

“The Kyiv Independent” yazır ki, Kliçko mərkəzi hökumətin Kiyevin enerji dayanıqlığı planının təsdiqini aylarla gecikdirdiyini də bildirib. Onun sözlərinə görə, bu vəziyyət paytaxtın qış mövsümünə hazırlığını çətinləşdirib.

Zelenski isə daha əvvəl Kiyevdə enerji təchizatı ilə bağlı vəziyyətin ölkə üzrə ən ağır olduğunu açıqlayaraq bunun səbəblərindən birinin şəhər səviyyəsində hazırlıq qərarlarının yerinə yetirilməməsi olduğunu bildirmişdi.

Kliçko tərəfləri qarşılıqlı ittihamlara son qoymağa çağıraraq enerji böhranının yalnız bütün dövlət qurumlarının birgə fəaliyyəti ilə aradan qaldırıla biləcəyini vurğulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.