İlham Əliyev Ağdamda zavodun açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında 24,9 milyon manatlıq metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib. Zavodda 100 iş yeri yaradılacaq.

36

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” MMC-nin metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib. Ümumi investisiya dəyəri 24,9 milyon manat olan zavodda iş yerlərinin sayının 100-ə çatdırılması planlaşdırılır.

MSNews.az xəbər verir ki, “Almet Holding” ASC-nin təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Məlumata görə, 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusunu almış müəssisənin layihəsi iki mərhələdə həyata keçirilir.

Layihənin birinci mərhələsinə 8,8 milyon manat, ikinci mərhələsinə isə 16,1 milyon manat investisiya nəzərdə tutulub. Maliyyələşmədə özəl vəsaitlə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun subsidiyalaşdırdığı təxminən 4,7 milyon manat bank kreditindən istifadə edilib. Müəssisə 470 min manatlıq vergi və gömrük güzəştindən yararlanıb.

Təxminən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, müxtəlif növ məftillər, mismar və armatur istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 920 ton polad həsir, 3 180 ton mismar və digər metal məmulatlarını əhatə edir. İkinci mərhələdə əlavə olaraq 18 240 ton müxtəlif növ məftilin istehsalı planlaşdırılır.

Müəssisə İtaliya, Almaniya, Türkiyə və Çin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib. Məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur.

Hazırda zavodda 26 nəfər çalışır. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.

Yeni zavodun fəaliyyəti Qarabağda aparılan tikinti-bərpa işlərinin yerli materiallarla təminatına, daşınma xərclərinin azaldılmasına və bölgənin sənaye potensialının genişləndirilməsinə töhfə verəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.