Suriyada qadınlara övladlarına vətəndaşlıq vermək hüququ tanına bilər

Suriyada qadınların əcnəbi atalardan olan övladlarına vətəndaşlıq ötürməsinə imkan verən qanun dəyişikliyi təsdiq mərhələsinə çatıb. İslahat minlərlə sənədsiz uşağın hüquqlarına təsir göstərə bilər.

34

Suriyada qadınların əcnəbi vətəndaşlardan olan övladlarına Suriya vətəndaşlığı verməsinə imkan yaradılması planlaşdırılır. Bununla bağlı qanunvericilik dəyişikliyi təsdiq mərhələsinə çatıb.

MSNews.az xəbər verir ki, Suriyanın sosial məsələlər və əmək naziri Hind Kabavat bu barədə noyabrın 4-də Cenevrədə BMT-nin mənzil-qərargahında keçirilən müzakirələr zamanı açıqlama verib. “Enab Baladi” nəşrinin məlumatına görə, təklifə Prezident Administrasiyasının təşəbbüsü ilə yaradılmış xüsusi hökumət komitəsində baxılır.

Hazırda qüvvədə olan 1969-cu il vətəndaşlıq qanununa əsasən, Suriya vətəndaşlığı əsasən ata xətti ilə ötürülür. Suriyalı ana yalnız məhdud hallarda, o cümlədən uşaq ölkə daxilində doğulduqda və atalığı hüquqi baxımdan müəyyən edilmədikdə övladına vətəndaşlıq verə bilir.

BMT-nin rəsmi məlumatına əsasən, illərlə davam edən müharibə nəticəsində çoxsaylı uşaqlar atasının itkin düşməsi, ölümü və ya sənədlərin olmaması səbəbindən hüquqi şəxsiyyətini təsdiqləməkdə çətinlik çəkirlər. Bu vəziyyət onların təhsil, səhiyyə və sosial xidmətlərə çıxışını məhdudlaşdırır.

Hind Kabavat bildirib ki, hökumət uşaqların sənədləşdirilməsi və vətəndaşlıq hüquqlarının təmin olunması üçün hüquqi və inzibati islahatlar üzərində işləyir.

Təklif hələ qanun kimi qəbul edilməyib. Onun nə vaxt qüvvəyə minəcəyi, xaricdə doğulan və artıq yetkinlik yaşına çatan şəxsləri əhatə edib-etməyəcəyi açıqlanmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.