Ermənistan məhkəməsi seçki nəticələrini qüvvədə saxladı

Ermənistan Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən 7 iyun parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətləri rədd edib. Qərarla Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi qüvvədə qalıb.

9

Ermənistan Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətləri rədd edib.

MSNews.az xəbər verir ki, “Reuters” Ermənistanın dövlət agentliyi “Armenpress”ə istinadən Konstitusiya Məhkəməsinin 7 iyun seçkilərinin nəticələrini qüvvədə saxladığını yazıb. Məhkəmə müxalifətin nəticələrin ləğvi ilə bağlı tələblərini təmin etməyib.

Məlumata görə, əsas müraciətlərdən biri “Güclü Ermənistan” müxalifət bloku tərəfindən verilib. Blok seçkilərdə pozuntular olduğunu iddia edirdi. “Reuters” yazır ki, “Güclü Ermənistan” səsvermədə 23,3 faiz nəticə göstərib, hakim “Vətəndaş Müqaviləsi” Partiyası isə təxminən 50 faiz səs toplayaraq seçkilərdə qalib gəlib.

Müraciət edənlər arasında “Güclü Ermənistan” bloku, “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan” Partiyası, “Birlik qanadları” Partiyası, “Demokratiya, qanun, intizam” Partiyası, “Respublika naminə” alyansı və “Yeni güc” Partiyası yer alırdı.

Müxalifət səsvermə ərəfəsində namizədlərinə və tərəfdarlarına qarşı həbslərin həyata keçirildiyini bildirib. “Associated Press” yazır ki, müxalifət bu addımları siyasi motivli hesab edib, Ermənistan hakimiyyəti isə həbslərin seçki rüşvəti və digər qanun pozuntuları ilə bağlı olduğunu bildirib.

Beynəlxalq müşahidəçilər isə səsvermə günü ilə bağlı ümumi qiymətləndirmələrində seçkinin əksər məntəqələrdə sakit keçdiyini qeyd ediblər. “Reuters”in məlumatına görə, müşahidəçilər səs satınalması və digər pozuntu iddialarını qeyd etsələr də, səsvermənin çox məntəqədə normal təşkil olunduğunu bildiriblər.

Ermənistan Konstitusiya Məhkəməsi haqqında qanuna əsasən, məhkəmənin qərarları yekundur və dərc edildiyi andan qüvvəyə minir. Bu barədə “Ermənistan Konstitusiya Məhkəməsi”nin rəsmi hüquqi bazasında qeyd olunur.