Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. Şəhərdə 160 yerlik yeni körpələr evi-uşaq bağçası da istifadəyə verilib.
MSNews.az xəbər verir ki, Prezidentin 2022-ci ildə imzaladığı Sərəncam əsasında əvvəlcə 960 şagird yerlik məktəb kimi nəzərdə tutulan layihə 2025-ci ildə yenidən işlənərək peşəyönümlü təhsil kompleksinə çevrilib.
1,6 hektar ərazidə yerləşən kompleksdə müasir laboratoriyalar, informatika və biologiya kabinetləri, STEAM tədris otaqları, robototexnika zonaları, həmçinin dərzilik, santexnika və elektrik montyorluğu üzrə emalatxanalar yaradılıb. Təhsil müəssisəsində kitabxana, idman və akt zalları, yeməkxana, açıq idman meydançası və qaçış zolağı da fəaliyyət göstərəcək.
Bununla yanaşı, Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub. Böyük Qayıdış proqramı çərçivəsində inşa edilən bağçada oyun, yataq, kompüter və tibb otaqları, idman, musiqi, rəqs və akt zalları yaradılıb.
Yeni təhsil müəssisələri işğaldan azad edilmiş ərazilərə qayıdan ailələrin övladlarının müasir təhsil imkanlarına çıxışını təmin etmək, eləcə də gənclərin texniki bilik və peşə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.








