ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Ağ Evdə görüşdüyünü təsdiqləyib. Tramp Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində aparılan danışıqların bütün Avropanı əhatə edən genişmiqyaslı razılaşma ilə nəticələnə biləcəyini açıqlayıb.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “AFP” agentlikləri məlumat yayıb.
Tramp jurnalistlərə açıqlamasında Dmitriyevlə danışıqların məzmununu açıqlamayıb.
“Nəyi müzakirə etdiyimizi deyə bilmərəm. Sadəcə bildirirəm ki, böyük razılaşma olacaq. Bu, təkcə Ukraynanı deyil, hətta bütün Avropanı əhatə edə bilər. Hər kəs bundan məmnun qalacaq”, – deyə ABŞ Prezidenti bildirib.
Dmitriyev noyabrın 5-də Melaniya Trampın ev sahibliyi etdiyi tədbirdə iştirak etmək üçün Ağ Evə gəlib. Tədbir Rusiyanın nəzarətində olan Ukraynanın Oleşki şəhərində əldə edilmiş altıgünlük humanitar atəşkəsə həsr olunub.
Rusiya nümayəndəsi Melaniya Trampa Oleşkidən olan 11 yaşlı qızın çəkdiyi və üzərində “Mən Melaniyanı sevirəm” sözləri yazılmış rəsm hədiyyə edib. Dmitriyev uşağın ailəsi ilə birlikdə Rusiyaya köçməyi seçdiyini iddia edib. Lakin ailənin hansı şəraitdə Rusiyaya getdiyi müstəqil şəkildə təsdiqlənməyib.
Ukrayna nümayəndə heyəti isə Melaniya Trampa mülki şəxslərin təxliyəsinə və ukraynalı uşaqların ailələrinə qaytarılmasına göstərdiyi dəstəyə görə Birinci dərəcəli Knyaginya Olqa ordenini təqdim edib.
Məlumata görə, ABŞ, Rusiya və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar noyabrın 10–11-də Əbu-Dabidə keçiriləcək. Bununla belə, Trampın bəhs etdiyi geniş razılaşmanın konkret şərtləri açıqlanmayıb və hələlik yekun sənədin əldə olunduğu təsdiqlənməyib.