Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülh prosesinə töhfələrinə görə 2026-cı il Hessen Sülh Mükafatına layiq görülüb.
MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın Hessen əyalət parlamentinin rəsmi saytında məlumat verilib. “Hessischer Landtag” bildirir ki, mükafat Paşinyanın zorakılıqdan imtina xəttinə, demokratik institutların inkişafına və Azərbaycanla münasibətlərin sülh yolu ilə nizamlanması istiqamətində fəaliyyətinə görə verilir.
Mükafat komitəsi Paşinyanın 2018-ci il “Məxməri inqilab”ından sonra hakimiyyətə gəlməsini, Ermənistanın Avropa ilə əlaqələrinin genişləndirilməsini və Bakı ilə danışıqlarda diplomatik yanaşmasını xüsusi vurğulayıb. Hessen Landtaqının prezidenti Astrid Vallmann mükafatın Azərbaycanla sülh prosesində əldə olunan irəliləyişi qiymətləndirdiyini bildirib.
Açıqlamada 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalara da istinad edilir.
Hessen Sülh Mükafatı 1994-cü ildən Albert Ossvald Fondu tərəfindən təqdim olunur və 25 min avro məbləğindədir. Mükafat müharibə və zorakılığın qarşısının alınmasına, münaqişələrin dinc həllinə və xalqlar arasında anlaşmanın gücləndirilməsinə töhfə verən şəxslərə verilir. Paşinyana mükafatın təqdimetmə mərasimi 18 sentyabr 2026-cı ildə Visbadendə, Hessen Landtaqında keçiriləcək.