Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli Knyaginya Olqa ordeni ilə təltif edib. Mükafat onun Ukraynaya humanitar yardım göstərilməsində, müharibədən zərər çəkmiş insanların və Rusiyaya aparılmış ukraynalı uşaqların xilas edilməsindəki fəaliyyətinə görə verilib.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 4-də Ukrayna Prezidentinin saytında dərc olunan 1079/2026 nömrəli fərmanda bildirilib.
“İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, fərmanda Melaniya Trampın Ukraynaya humanitar dəstək göstərilməsinə verdiyi mühüm şəxsi töhfə, insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik fəaliyyəti xüsusi qeyd olunub.
Sənəddə vurğulanır ki, bu fəaliyyətlər Rusiyanın hərbi təcavüzündən zərər çəkmiş, eləcə də Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən qanunsuz deportasiya edilmiş və məcburi köçürülmüş uşaqların və digər vətəndaşların xilas edilməsinə yönəlib.
Melaniya Tramp daha əvvəl Rusiyadan ukraynalı uşaqların ailələrinə qaytarılması istiqamətində humanitar təşəbbüslərlə çıxış edib.
Ağ Evin oktyabrın 23-də yaydığı rəsmi açıqlamaya əsasən, birinci xanımın vasitəçiliyi ilə Rusiyanın nəzarətində olan Xerson vilayətinin Oleşki şəhərində humanitar məqsədli lokal atəşkəs barədə razılıq əldə edilib.
Razılaşma mülki şəxslərin təxliyəsini və əraziyə ərzaq, dərman və digər zəruri yardımların çatdırılmasını nəzərdə tutub.
Noyabrın 2-də Zelenski Melaniya Trampa bu humanitar əməliyyata verdiyi dəstəyə görə təşəkkür edib.
Ukrayna Prezidenti birinci xanımın vasitəçiliyinin cəbhənin digər bölgələrində də lokal atəşkəs razılaşmalarının əldə olunmasına kömək edə biləcəyinə ümid etdiyini bildirib.
Bundan başqa, noyabrın 3-də Ağ Ev Melaniya Trampın Rusiya və Ukrayna nümayəndələrini Vaşinqtonda bir araya gətirməyi planlaşdırdığını açıqlayıb.
Rəsmi məlumata görə, görüşün məqsədi humanitar məsələlər üzrə birbaşa əlaqələrin inkişaf etdirilməsidir.
Zelenski Melaniya Trampın baş müşaviri Mark Bekmanı da “Qızıl ürək” fərqlənmə nişanı ilə təltif edib. O, Ukrayna vətəndaşlarına humanitar yardım göstərilməsi və mülki əhalinin təxliyəsinə dəstəyinə görə mükafatlandırılıb.
Knyaginya Olqa ordeni Ukraynanın dövlət təltiflərindən biridir və ictimai, dövlət və humanitar sahələrdə xüsusi xidmətləri olan qadınlara verilir.