Zelenskinin keçmiş sözçüsü dövlətə xəyanətdə şübhəli bilinir

Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi qaydada dövlətə xəyanət şübhəsi elan edib. İttihamlar onun Taker Karlsona müsahibəsi və sosial şəbəkələrdəki açıqlamaları ilə əlaqələndirilir.

50

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel dövlətə xəyanətdə və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırmaqda şübhəli bilinir. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq ona qiyabi qaydada rəsmi şübhə bildirişi təqdim ediblər.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 3-də Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatı “Ukrinform” və “Ukrainska Pravda” nəşrləri də yayıb.

İstintaqın iddiasına görə, Mendel ictimai nüfuzundan və dövlət kommunikasiyaları sahəsindəki təcrübəsindən istifadə edərək Rusiyanın maraqlarına uyğun məlumatlar yayıb, Ukraynanın beynəlxalq nüfuzuna və xarici dəstəyinə zərər vurmağa çalışıb.

İttihamın əsaslandırılmasında Mendelin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə xüsusi yer tutur.

Həmin müsahibədə Mendel Ukraynanın gələcəyi barədə bədbin fikirlər səsləndirib:

“Mən inanıram ki, Ukrayna yox olmaq ərəfəsindədir”, – deyə o bildirib.

Mendel həmçinin Ukrayna cəmiyyətinin tənəzzülə uğradığını iddia edib, ölkədə demokratiya və söz azadlığının vəziyyətini tənqid edib.

Baş Prokurorluğun mövqeyinə görə, bu açıqlamalar və Mendelin sosial şəbəkələrdəki paylaşımları Rusiya dövlət mediası tərəfindən təbliğat məqsədilə istifadə olunub. İstintaq çərçivəsində aparılmış ekspertizaların da həmin açıqlamaların Ukraynanın informasiya təhlükəsizliyinə zərər vurma əlamətləri daşıdığı qənaətinə gəldiyi bildirilir.

Mendel Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə şübhəli bilinir: dövlətə xəyanət və Rusiyanın silahlı təcavüzünə haqq qazandırmaq, onu inkar etmək və iştirakçılarını tərifləmək.

“Suspilne” nəşrinin məlumatına görə, Mendel hazırda Ukrayna ərazisindən kənardadır. Bu səbəbdən ona şübhə bildirişi qiyabi qaydada təqdim olunub.

Xatırladaq ki, Yuliya Mendel 2019–2021-ci illərdə Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb. 2026-cı ilin sentyabrında isə Ukrayna Prezidenti onun barəsində fərdi sanksiyaların tətbiq edilməsi barədə qərarı qüvvəyə mindirib.

Hazırda Mendelin təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyib. Ona qarşı irəli sürülən ittihamlarla bağlı ibtidai istintaq davam edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.