Türkiyə İsraildə formalaşacaq yeni hökumətlə münasibətlərin qismən yaxşılaşdırılması imkanını nəzərdən keçirir. Ankara bunun üçün Qəzzadakı humanitar böhranın yüngülləşdirilməsini və İsrailin Suriyaya hərbi təzyiqinin azaldılmasını əsas şərtlər hesab edir.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 1-də “Al-Monitor” nəşrində yayımlanan təhlildə bildirilir.
Nəşrin məlumatına görə, Ankara İsraildə hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, müəyyən şərtlər daxilində diplomatik təmasların bərpasına imkan görür. Bu yanaşma hazırkı Baş nazir Benyamin Netanyahunun yenidən hökumət quracağı ssenariyə də aiddir.
Bununla belə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Netanyahu olmadan formalaşacaq İsrail hökumətinə üstünlük verdiyi qeyd olunur. Ərdoğan indiyədək Qəzzadakı hərbi əməliyyatlara görə Netanyahu hökumətini dəfələrlə sərt tənqid edib.
“Al-Monitor” yazır ki, Türkiyə üçün əsas məsələ İsraildə hökumətə kimin rəhbərlik etməsindən daha çox, yeni hökumətin Qəzza və Suriya ilə bağlı atacağı addımlardır.
İsraildə oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik Knessetdə 53 mandat, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif blok isə 48 mandat qazanıb. Ərəb partiyaları 19 mandat əldə ediblər. Hazırda yeni hökumətin formalaşdırılması istiqamətində siyasi danışıqlar davam edir.
Nəşrin təhlilinə görə, Qəzzada humanitar vəziyyətin yaxşılaşması və Suriyada hərbi gərginliyin azalması Ankara ilə Təl-Əviv arasında praqmatik əməkdaşlığa yol aça bilər. Bununla belə, tərəflər arasında münasibətlərin tam normallaşması hələlik çətin görünür.