Netanyahunun “soyqırımı” açıqlaması Türkiyə-İsrail xəttində gərginliyi artıra bilər

QAFSAM eksperti Novruzəli Yusubzadə İsrailin 1915-ci il hadisələri ilə bağlı mövqeyinin Türkiyə-İsrail münasibətlərinə təsirini şərh edib.

96

İsrailin Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrinin “ermənilərə qarşı soyqırımı” kimi tanınmasını dəstəklədiyini bildirməsi Türkiyə-İsrail münasibətlərində yeni gərginlik yarada bilər.

MSNews.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Netanyahu məsələ ilə bağlı sualı cavablandırarkən “tanınmadan yayınmadığını” və bunu dəstəklədiyini bildirib. İsrailin “Ynet” nəşri baş nazirin “mən bunu bloklamamışam və qəti şəkildə dəstəkləyirəm” məzmunlu açıqlama verdiyini yazıb.

İsrail hökumətinin 1915-ci il hadisələrinin tanınması istiqamətində qərarı dəstəklədiyi də bildirilir. “The Jerusalem Post” yazır ki, xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə hökumət “erməni soyqırımı”nın tanınmasına dair təklifi təsdiqləyib. “i24NEWS” isə qərarın Knessetdə parlament səsverməsinə çıxarılacağını qeyd edib.

Məsələni MSNews.az-a şərh edən QAFSAM eksperti Novruzəli Yusubzadə bildirib ki, İsrailin bu addımı hüquqi yox, daha çox siyasi xarakter daşıyır.

“Dövlətlərin bu cür məsələlərdə tək tərəfli siyasi qərarlar qəbul etməsi hüquqi nəticə yaratmır. Soyqırımı ilə bağlı hüquqi mexanizmlər, beynəlxalq konvensiyalar və məhkəmə prosedurları mövcuddur. Ona görə də belə addımlar daha çox siyasi münasibətlərə təsir göstərir”, — deyə ekspert qeyd edib.

Novruzəli Yusubzadənin sözlərinə görə, 1915-ci il hadisələri ilə bağlı tarixi və hüquqi mübahisələr hələ də davam edir və İsrailin bu mövqeyi Türkiyə ilə münasibətləri daha da gərginləşdirə bilər.

“Bu məsələ onsuz da Türkiyə ilə İsrail arasında həssas mövzulardan biridir. Belə bir qərarın gündəmə gətirilməsi iki ölkə arasında siyasi etimadı daha da zəiflədə bilər. Xüsusilə, Qəzza müharibəsi fonunda münasibətlər onsuz da kəskin mərhələdədir”, — deyə Yusubzadə bildirib.

Ekspert hesab edir ki, Türkiyə də cavab olaraq Qəzzada baş verənləri “soyqırımı” kimi tanımaq istiqamətində siyasi addımlar ata bilər.

“Qəzza ilə bağlı beynəlxalq məhkəmələrdə proseslər gedir, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iş mövcuddur. Bu baxımdan Türkiyənin də analoji ritorikaya keçməsi mümkündür”, — QAFSAM eksperti vurğulayıb.

Qeyd edək ki, “ICJ” Cənubi Afrikanın İsrailə qarşı Qəzzada Soyqırım Konvensiyasının pozulması iddiası ilə qaldırdığı işə baxır. Məhkəmə 2024-cü ildə bir neçə dəfə müvəqqəti tədbirlər barədə qərarlar qəbul edib, lakin iş üzrə yekun hökm hələ verilməyib.

Novruzəli Yusubzadə hesab edir ki, Türkiyə-İsrail münasibətlərinin ifrat sağ siyasi qüvvələrin ritorikasına çevrilməsi Azərbaycan üçün də arzuolunmaz ssenaridir.

“Azərbaycan üçün ən pis ssenari Türkiyə-İsrail xəttində açıq konfrontasiyanın dərinləşməsidir. Bu münasibətlərin mümkün qədər yumşaldılması, ən azı İran-Səudiyyə Ərəbistanı münasibətlərində olduğu kimi müəyyən səviyyədə dondurulması bütün tərəflər üçün daha rasional olardı”, — deyə ekspert əlavə edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930