ABŞ-nin “Eli Lilly” əczaçılıq şirkəti hazırladığı yeni arıqlama preparatı retatrutidin klinik sınaqlarda “Ozempic”dən iki dəfədən çox çəki itkisi təmin etdiyini açıqlayıb. Üçüncü mərhələ tədqiqatında yeni preparatın həm bədən çəkisini, həm də qanda şəkərin səviyyəsini azaltmaqda daha yüksək nəticə göstərdiyi müəyyən edilib.
MSNews.az xəbər verir ki, şirkətin oktyabrın 28-də açıqladığı “TRANSCEND-T2D-2” adlı tədqiqatda ikinci tip şəkərli diabetdən əziyyət çəkən 1298 nəfər iştirak edib. İştirakçılar 80 həftə ərzində retatrutid və ya “Ozempic” qəbul ediblər.
Nəticələrə əsasən, retatrutidin 9 milliqram dozasını qəbul edənlər orta hesabla 20,1 kiloqram, 12 milliqram dozasını qəbul edənlər isə 21,5 kiloqram arıqlayıblar. Müqayisə üçün, “Ozempic”in sınaqda istifadə olunan ən yüksək təsdiqlənmiş dozasını – 2 milliqramı qəbul edənlərdə orta çəki itkisi 9,5 kiloqram təşkil edib.
Yeni preparat qanda şəkərin uzunmüddətli səviyyəsini göstərən HbA1c göstəricisini də 2,2 faiz bəndi azaldıb. “Ozempic” qəbul edənlərdə isə bu göstərici 1,8 faiz bəndi olub.
Şirkətin məlumatına görə, retatrutid eyni vaxtda GLP-1, GIP və qlükaqon adlı üç hormonun reseptorlarına təsir göstərir. Bu mexanizm iştahanın, qlükoza mübadiləsinin və enerji sərfiyyatının tənzimlənməsində rol oynayır. Tədqiqatda qan təzyiqi və bəzi xolesterin göstəricilərində də yaxşılaşma müşahidə olunub.
Bununla belə, preparatın əlavə təsirləri də qeydə alınıb. Ən çox rast gəlinən şikayətlər ürəkbulanma, ishal və qusma olub. Retatrutidin yüksək dozasını qəbul edənlərin 7,9 faizi əlavə təsirlərə görə müalicəni dayandırıb. “Ozempic” qrupunda bu göstərici 2,7 faiz təşkil edib.
Retatrutid hələlik ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənməyib və satışda deyil. “Eli Lilly” şirkəti preparatın təsdiqi üçün 2027-ci ilin birinci rübündə müraciət etməyi planlaşdırır. Ətraflı tədqiqat nəticələrinin isə elmi jurnalda dərc olunması gözlənilir.