“MV Hondius” gəmisində hantavirus alarmı: 3 nəfər ölüb

“MV Hondius” kruiz gəmisində hantavirusla əlaqəli 8 hal və 3 ölüm qeydə alınıb. İspaniya gəminin Kanar adalarına gəlməsinə hazırlaşır, bir neçə ölkə vətəndaşlarının təxliyəsi üçün tədbir görür.

Atlantik okeanında hərəkət edən “MV Hondius” kruiz gəmisində hantavirusla əlaqəli ağır respirator xəstəlik halları beynəlxalq səhiyyə qurumlarını hərəkətə keçirib. Türkiyənin “Sözcü” nəşrinin məlumatına görə, gəminin Kanar adalarına yaxınlaşması fonunda bir sıra ölkələr öz vətəndaşlarının təxliyəsi üçün hazırlıqlara başlayıb. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, mayın 7-nə olan göstəricilərə görə gəmi ilə əlaqəli 8 hadisə qeydə alınıb, onlardan 3-ü ölümlə nəticələnib. Beş hadisə laborator testlərlə hantavirus kimi təsdiqlənib, digər şəxslər isə şübhəli hal kimi izlənilir. Daha əvvəl mayın 4-də ÜST gəmidə 147 sərnişin və ekipaj üzvü olduğunu, ilkin mərhələdə 7 halın müəyyənləşdirildiyini açıqlamışdı.

Nəşr yazır ki, Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland gəmidəki vətəndaşlarını təxliyə etmək üçün bölgəyə xüsusi uçuşlar göndərməyə hazırlaşır. “The Guardian”ın məlumatına görə, İspaniya gəminin Tenerife yaxınlığına gəlməsinə icazə verib, lakin təhlükəsizlik protokollarına əsasən gəminin birbaşa limana yanaşmayacağı, sərnişin və ekipajın xüsusi qaydada təxliyə ediləcəyi bildirilir.

ÜST hadisənin mənbəyinin hələ araşdırıldığını bildirir. İlkin ehtimala görə, yoluxma gəmi səyahətindən əvvəl Cənubi Amerikada — xüsusilə Argentina, Çili və Uruqvay istiqamətlərini əhatə edən quru turu zamanı gəmiricilərlə təmasdan sonra baş vermiş ola bilər. Hantavirus adətən yoluxmuş gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas nəticəsində insana keçir.

Hadisədə “Andes” virusu ştammı ehtimalı xüsusi diqqət çəkir. ÜST bildirir ki, hantavirusun bu növündə insandan-insana yoluxma nadir hallarda, əsasən yaxın və uzunmüddətli təmas zamanı qeydə alınıb. Buna baxmayaraq, təşkilat hazırkı hadisə üzrə qlobal ictimai sağlamlıq riskini aşağı qiymətləndirir və bunun COVID-19 tipli yeni pandemiya olmadığını vurğulayır.

ÜST sərnişin və ekipaj üzvlərinə 45 gün ərzində simptom monitorinqi aparmağı, gigiyena qaydalarına ciddi əməl etməyi, simptom yaranarsa dərhal özünü təcrid etməyi və tibbi heyətə məlumat verməyi tövsiyə edir. Hantavirus infeksiyası qızdırma, baş ağrısı, əzələ ağrısı, mədə-bağırsaq şikayətləri, daha sonra isə sürətlə inkişaf edən pnevmoniya və tənəffüs çatışmazlığı ilə müşayiət oluna bilər.

Hazırda əsas məqsəd gəmidə olanların təhlükəsiz şəkildə təxliyəsi, şübhəli halların izolyasiyası, təmasların izlənməsi və gəmidə sanitar-dezinfeksiya tədbirlərinin həyata keçirilməsidir. ÜST prosesin İspaniya, Niderland, Cənubi Afrika, Böyük Britaniya və digər ölkələrin səhiyyə qurumları ilə koordinasiya şəklində aparıldığını bildirir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.