ABŞ 26 ildən sonra qızılcadan azad ölkə statusunu itirib

ABŞ-da qızılca epidemiyasının geniş yayılması nəticəsində ölkənin 2000-ci ildən daşıdığı qızılcanın ləğv edildiyi ölkə statusunun geri alındığı bildirilir. 2026-cı ildə 5400-dən çox yoluxma qeydə alınıb.

62

ABŞ 26 ildən sonra qızılcanın ləğv edildiyi ölkə statusunu itirib. Panamerika Səhiyyə Təşkilatının (PAHO) ölkədə virusun uzunmüddətli yayılması səbəbindən bu qərarı qəbul etdiyi bildirilir.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyi və “CBS News” telekanalı məlumatı qərarla tanış mənbələrə istinadən yayıb. PAHO-nun qərarı ictimaiyyətə rəsmi təqdim etməsi isə hələ gözlənilir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) noyabrın 13-də yenilənmiş statistikasına əsasən, 2026-cı ildə ölkədə 5412 qızılcaya yoluxma halı təsdiqlənib. Bu, 2025-ci ildə qeydə alınmış 2289 yoluxmadan iki dəfədən çoxdur.

Son iki ildə xəstəliyin yayılması xüsusilə Pensilvaniya, Cənubi Karolina, Yuta və Viskonsin ştatlarında ciddi miqyas alıb. 2026-cı ildə ən azı 8 qızılca ilə əlaqəli ölüm halı barədə məlumat verilib. “ABC News”un məlumatına görə, ölüm hallarının altısı Pensilvaniyada, biri Nyu-Yorkda, biri isə Viskonsində qeydə alınıb.

Ekspertlər epidemiyanın genişlənməsini peyvəndləmə səviyyəsinin azalması ilə əlaqələndirirlər. CDC-nin məlumatına görə, ABŞ-də bağça yaşlı uşaqlar arasında qızılca, məxmərək və epidemik parotitə qarşı MMR peyvəndi ilə əhatə 2019–2020-ci tədris ilindəki 95,2 faizdən 2025–2026-cı ildə 92,4 faizə enib.

Qızılcanın geniş yayılmasının qarşısını almaq üçün əhalinin təxminən 95 faizinin peyvənd olunması vacib hesab edilir.

Qeyd edək ki, ABŞ 2000-ci ildə ölkə daxilində qızılcanın davamlı yayılmasına son qoyulduğunu elan etmişdi. Statusun itirilməsi xəstəliyin fasiləsiz yerli yayılmasının ən azı 12 ay davam etməsi ilə bağlıdır. Statusun bərpası üçün bu yayılma zəncirinin yenidən dayandırılması tələb olunur.