Almaniya Rusiya millisinin beynəlxalq yarışlara buraxılması ilə bağlı qərardan sonra 2027-ci il xokkey üzrə dünya çempionatına ev sahibliyi etməkdən imtina edə bilər. Ölkənin Xokkey Federasiyası turnirin keçirilməsinin ciddi təhlükəsizlik və maliyyə riskləri yaradacağını bildirib.
MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “ZDF” telekanalı məlumat yayıb. Federasiyanın idarə heyətinin sədri Frank Luts Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra bütün variantların nəzərdən keçirildiyini açıqlayıb.
“Əlbəttə, dünya çempionatına ev sahibliyi hüququndan imtina etmək variantını da nəzərdən keçirməliyik. Öhdəsindən gələ bilməyəcəyimiz iqtisadi riskə girə bilmərik”, – Luts bildirib.
Oktyabrın 30-da CAS Rusiya yığmasının 2026–2027-ci il mövsümündə beynəlxalq xokkey yarışlarında iştirakına icazə verən qərar çıxarıb. Bununla da Beynəlxalq Xokkey Federasiyasının (IIHF) Rusiyanın yarışlardan kənarlaşdırılması barədə əvvəlki qərarı ləğv edilib.
Almaniya Xokkey Federasiyası Rusiyanın yarışlara qaytarılmasına qarşı olduğunu bəyan edib. Federasiya rəhbərliyi hesab edir ki, Rusiya millisinin iştirakı əlavə təhlükəsizlik tədbirləri və böyük maliyyə xərcləri tələb edə bilər.
Luts məsələnin siyasi qərarlardan da asılı olduğunu bildirib. Xüsusilə Rusiya idmançılarına Almaniyaya giriş vizalarının verilməsi və digər ölkələrin mümkün boykot qərarları qeyri-müəyyənlik yaradır.
“Deutsche Welle” qeyd edir ki, 2027-ci il dünya çempionatında Ukrayna millisinin də iştirakı nəzərdə tutulur. Bu isə təhlükəsizlik və turnirin təşkili ilə bağlı əlavə suallar doğurur.
Hələlik Almaniyanın dünya çempionatına ev sahibliyindən imtinası barədə yekun qərar verilməyib. IIHF məhkəmə qərarının tətbiqi və turnirin təşkilati məsələləri ilə bağlı müzakirələri davam etdirir.