Sudanda ÇDQ-nin yüksək rütbəli komandiri ordu tərəfinə keçdi

Sudanın Çevik Dəstək Qüvvələrinin (RSF) yüksək rütbəli komandiri Sadiq Əbdül Rəhman Ander silahlı qruplaşmadan ayrıldığını və Sudan ordusuna dəstək verdiyini açıqlayıb. General RSF rəhbərliyini ailə maraqlarına xidmət etməkdə və fərqli fikirləri zorakılıqla susdurmaqda ittiham edib.

53

Sudanda Çevik Dəstək Qüvvələrinin (RSF) yüksək rütbəli komandirlərindən biri, general-mayor Sadiq Əbdül Rəhman Ander silahlı birləşmədən ayrıldığını və Sudan Silahlı Qüvvələrinin tərəfini tutduğunu elan edib. O, RSF rəhbərliyini qruplaşmanı şəxsi və ailə maraqları əsasında idarə etməkdə, fərqli mövqe nümayiş etdirən şəxslərə qarşı təzyiqlər göstərməkdə ittiham edib.

MSNews.az xəbər verir ki, bu barədə oktyabrın 30-da “Al Jazeera” telekanalının əldə etdiyi videomüraciətdə məlumat verilib. Ander ÇDQ-nin 15-ci qrupuna rəhbərlik edib və təşkilatın səfərbərlik fəaliyyətində iştirak edib.

Yayımlanan videoda general-mayor Ander ÇDQ sıralarında fəaliyyətinin əsl mahiyyətini sonradan anladığını bildirib.

Onun sözlərinə görə, qruplaşmanın rəhbəri Məhəmməd Həmdan Daqalonun — “Hemedti”nin — ailə üzvləri təşkilatın bütün əsas qərarlarına nəzarət edirlər.

“Bizə tamamilə aydın oldu ki, əslində yalnız bir ailənin layihəsinə xidmət edirmişik. Pul, silah, döyüşçülərin hərəkəti və hərbi rütbələrin verilməsi Hemedtinin qohumlarının nəzarətindədir”, – deyə Ander bildirib.

Generalın sözlərinə görə, ÇDQ daxilində hərbi qərarların qəbulu və resursların bölüşdürülməsi məhdud sayda şəxsin əlində cəmləşib. Ander ÇDQ rəhbərliyinin fərqli fikirlərə dözümsüz yanaşdığını da iddia edib. O bildirib ki, qruplaşma daxilində rəhbərliyin qərarlarına qarşı çıxan şəxslər ciddi təzyiqlərlə üzləşirlər.

“Həqiqəti deyən və rəhbərliyə qarşı çıxan şəxs qovulma, həbs və ya gizli şəkildə öldürülmə təhlükəsi ilə qarşılaşır”, – deyə keçmiş komandir bildirib.

Sadiq Ander videomüraciətində ÇDQ ilə yanaşı, qruplaşmanın iştirak etdiyi “Tasis” siyasi-hərbi alyansından da ayrıldığını açıqlayıb. O, Sudan ordusuna dəstək verdiyini bildirərək əvvəlki silahdaşlarını da ÇDQ sıralarını tərk etməyə çağırıb.

Sudanın “Sudan Nabaa” nəşrinin məlumatına görə, general Sudan Silahlı Qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərmək niyyətini bəyan edib.

Anderin qərarı 2026-cı ildə ÇDQ sıralarını tərk edən digər hərbi komandirlərin açıqlamalarından sonra verilib.

“Sudan Tribune” nəşrinin məlumatına görə, sentyabrın 25-də ÇDQ-nin keçmiş komandiri Əl-Tayyib əl-Vahidu 50 döyüşçü və beş hərbi avtomobillə Omdurmanda Sudan ordusuna qoşulub.

Bundan əvvəl də Şimali Kordofan və digər bölgələrdə ÇDQ komandirlərinin tabeliklərindəki döyüşçülərlə birlikdə ordu tərəfinə keçdikləri bildirilmişdi.

Bu hadisələr ÇDQ daxilində müəyyən fikir ayrılıqlarının mövcudluğunu göstərsə də, onların qruplaşmanın ümumi döyüş qabiliyyətinə təsirini qiymətləndirmək üçün kifayət qədər məlumat yoxdur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.