Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” milyardlarla dollar dəyərində rəqəmsal aktivləri əhatə edən kiberhücumla üzləşib. Şirkətin ilkin araşdırmasına görə, təhlükəsizlik insidentinin ümumi təsiri təxminən 6,3 milyard dollar qiymətləndirilir. Hadisə kriptovalyuta sənayesi tarixində ən böyük oğurluq hadisələrindən birinə çevrilə bilər.
MSNews.az xəbər verir ki, bu barədə “Binance”in rəsmi açıqlamasında və “Reuters” agentliyinin məlumatında bildirilir. Oktyabrın 29-da aşkarlanan şübhəli əməliyyatlardan sonra birja təhlükəsizlik tədbirlərini gücləndirib və vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb.
İlk şübhəli əməliyyatları blokçeyn analitiki Spreek aşkar edib.
Onun məlumatına görə, “Binance”lə əlaqəli elektron pul kisələrindən əvvəllər məlum olmayan ünvanlara külli miqdarda kriptoaktiv köçürülüb.
Araşdırma zamanı bir ünvana təxminən 3,55 milyard dollar dəyərində vəsait daxil olduğu, ardınca 900 milyon dollara yaxın aktivin digər pul kisələrinə yönləndirildiyi müəyyən edilib.
Analitik şübhəli əməliyyatlarla əlaqəli smart-müqavilə çağırışının tranzaksiyaların mənbəyini gizlətmək üçün istifadə edilən “Tornado Cash” xidməti vasitəsilə maliyyələşdirildiyini də bildirib.
Blokçeyn analitikası şirkəti “Arkham Intelligence” isə müxtəlif şəbəkələrdə şübhəli ünvanları izləməyə başlayıb.
Şirkətin oktyabrın 30-da yayımladığı yenilənmiş məlumata əsasən, insidentin ümumi təsiri təxminən 6,3 milyard dollar təşkil edir.
İlkin araşdırmalara görə, hücum “Binance”in DevOps mühəndislərindən birinin noutbukunun ələ keçirilməsi ilə bağlı ola bilər.
Ehtimal edilir ki, hücumçu həmin cihaz vasitəsilə şirkətin xidmət mühitinə daxil olub və icazəsiz pul çıxarılması əməliyyatları həyata keçirib.
“Binance” elektron pul kisələrinin məxfi açarlarının sızmasına dair indiyədək sübut tapılmadığını da açıqlayıb.
Hadisədən sonra kriptovalyuta şirkətləri şübhəli ünvanlardakı vəsaitlərin hərəkətinin qarşısını almaq üçün tədbirlər görüb.
“Tether” şirkəti 1,57 milyard dollardan çox USDT, “Circle” isə 800 milyon dollardan çox USDC aktivini dondurub.
“Ripple” və digər şirkətlər də şübhəli əməliyyatlarla əlaqəli aktivlərin bloklanmasında iştirak ediblər.
Son açıqlamalara əsasən, müxtəlif şirkətlərin əməkdaşlığı nəticəsində təxminən 3 milyard dollar dəyərində aktiv dondurulub. Lakin bu vəsaitin dondurulması onun artıq “Binance”ə qaytarılması demək deyil.
“Binance”in təsisçisi Çanpen Çjao (CZ) hadisənin həqiqətən kiberhücuma bənzədiyini bildirib.
O, hazırda birjanın gündəlik idarə edilməsində iştirak etmədiyini xatırladaraq səhmdar kimi bütün istifadəçi itkilərinin qarşılanacağını gözlədiyini açıqlayıb.
Şirkətin həmtəsisçisi Yi He isə “Binance”in kiberhücum nəticəsində yaranmış bütün itkiləri qarşılayacağını bəyan edib.
Şirkət bunun üçün öz vəsaitlərindən və SAFU adlı istifadəçiləri qoruma fondunun resurslarından yararlana biləcəyini bildirib.
Bəzi kibertəhlükəsizlik şirkətləri hücumun Şimali Koreya ilə əlaqələndirilən “TraderTraitor” haker qrupu tərəfindən həyata keçirilmiş ola biləcəyini bildirirlər.
Bu qrupun adı 2025-ci ildə “Bybit” birjasından təxminən 1,5 milyard dollar dəyərində kriptoaktivin oğurlanması hadisəsində də hallanmışdı.
Lakin “Binance” hücumun arxasında konkret hansı şəxslərin və ya qruplaşmanın dayandığını rəsmən təsdiqləməyib.
Kiberhücum xəbərləri kriptovalyuta bazarında satışları sürətləndirib.
“Reuters”in məlumatına görə, hadisədən sonra Bitcoin və Ethereum 3 faizdən çox, “Binance”in BNB tokeni isə təxminən 5 faiz ucuzlaşıb.
Mütəxəssislər hesab edirlər ki, belə böyük təhlükəsizlik insidenti mərkəzləşdirilmiş kriptovalyuta birjalarına etimad və istifadəçi aktivlərinin qorunması ilə bağlı sualları yenidən gündəmə gətirə bilər.
Hazırda 6,3 milyard dollar insidentin ilkin qiymətləndirilmiş həcmidir. Dondurulmuş aktivlər və mümkün geri qaytarmalar nəzərə alındıqdan sonra yekun itkinin nə qədər olacağı hələ məlum deyil.