Paşinyan: “Azərbaycanla sülh 400 il və daha çox davam etməlidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün 400 il və daha uzun müddət davam etməsinin vacibliyini vurğulayıb. O, sülh sazişinin imzalanmasını və ratifikasiya edilməsini əsas prioritetlərindən biri adlandırıb.

66

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhün dönməz xarakter almasının və əsrlərlə davam etməsinin vacibliyini bəyan edib. O bildirib ki, əsas məqsədi iki ölkə arasında münasibətlərin hüquqi və institusional əsaslarla möhkəmləndirilməsi, mövcud sülhün 400 il və daha uzun müddət qorunmasıdır.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 29-da jurnalistlərə açıqlamasında danışıb. Ermənistanın Baş naziri Azərbaycanla sülhün alternativini görmədiyini vurğulayıb.

Paşinyan dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycanla əldə olunan razılaşmaların qorunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.

Onun sözlərinə görə, regionda uzunmüddətli sabitliyin təmin olunması üçün tərəflər arasında əldə edilən razılaşmalar yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret hüquqi mexanizmlərlə möhkəmləndirilməlidir.

Ermənistanın Baş naziri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasının vacibliyini xüsusi qeyd edib.

“Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistanın Baş naziri kimi mənim birinci, ikinci və üçüncü prioritetimdir”, – deyə Paşinyan bildirib.

O, bu istiqamətdə ardıcıl fəaliyyət göstərəcəyini vurğulayaraq sülh prosesinin geri dönməz xarakter almalı olduğunu söyləyib.

Paşinyan, həmçinin Baş nazir vəzifəsindən ayrılana qədər Azərbaycanla sülh sazişinin imzalanmasını və ratifikasiya edilməsini hədəflədiyini açıqlayıb.

“Məqsədim Baş nazir kimi fəaliyyətimi sülh sazişi imzalanmış və ratifikasiya olunmuş vəziyyətdə başa vurmaqdır. Bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni paraflanıb.

Bu, tərəflərin sənədin mətni üzərində razılığa gəldiyini göstərsə də, sazişin rəsmi imzalanması və ratifikasiyası ilə eyni hüquqi məna daşımır.

Paşinyanın son açıqlaması Ermənistan hökumətinin əldə olunmuş razılaşmaları daha uzunmüddətli və hüquqi cəhətdən möhkəm əsaslara keçirmək niyyətini ifadə edir.

Baş nazirin 400 illik sülhlə bağlı sözləri konkret müddətə bağlanacaq saziş təklifi deyil, Azərbaycanla münasibətlərin gələcək nəsillər üçün sabit qalması istiqamətində siyasi hədəf kimi səsləndirilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.