Mbappe Mao qalmaqalına görə Çindən üzr istədi

Kilian Mbappe Mao Tszedunla bağlı açıqlamasından sonra Çin xalqından üzr istəyib. “Real Madrid” də rəsmi üzrxahlıq yayıb. Çin Xarici İşlər Nazirliyi futbolçunun üzrxahlığını nəzərə aldığını bildirib.

66

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe Çin Xalq Respublikasının qurucusu Mao Tszedun haqqında söylədiyi sözlərin yaratdığı qalmaqaldan sonra üzr istəyib. Futbolçunun açıqlaması Çində ciddi narazılığa, bir neçə sponsorluq müqaviləsinin ləğvinə və İspaniya futbolunun televiziya yayımlarının dayandırılmasına səbəb olub.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “AFP” agentlikləri məlumat yayıb.

Qalmaqal futbolçunun Fransanın “The Bridge” proqramında internetdə onun haqqında hazırlanmış zarafat xarakterli şəkilləri müzakirə etməsindən sonra başlayıb.

Mbappe ən çox bəyəndiyi görüntülərdən danışarkən üzünün Mao Tszedunun portretinə yerləşdirildiyi montajı xatırladıb və Çin liderini diktator adlandırıb. Futbolçu Maonun adını birbaşa çəkməsə də, nümayiş etdirilən görüntüdə onun təsviri yer alıb.

Çində reaksiyaların artmasından sonra Mbappe oktyabrın 27-də fransız, ingilis və Çin dillərində üzrxahlıq bəyanatı yayıb.

“Şərhim düşünülməmişdi. İndi anlayıram ki, bu sözlər Çində və dünyanın müxtəlif yerlərində yaşayan Çin icmalarında çox sayda insanı incidib”, – deyə futbolçu bildirib.

O, sözlərindən narahat olan hər kəsdən üzr istəyərək Çin xalqına və onun tarixinə hörmət etdiyini vurğulayıb.

Oktyabrın 28-də “Real Madrid” klubu da rəsmi bəyanat yayıb.

Klub Mbappenin sözlərinin yaratdığı narahatlığa görə Çin xalqından üzr istəyib və futbolçunun üzrxahlığını dəstəklədiyini açıqlayıb.

Madrid təmsilçisi Çinin tarixinə, mədəniyyətinə və ölkədəki milyonlarla azarkeşinə hörmətlə yanaşdığını vurğulayıb.

Klub həmçinin mədəniyyətlər arasında qarşılıqlı anlaşma və hörmət prinsiplərinə sadiq qalacağını bildirib.

Qalmaqal Mbappenin kommersiya əməkdaşlığına da təsir göstərib.

Çinin üç şirkəti – DongPeng (Eastroc Beverage), Mengniu və Milkground – futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar.

Bundan başqa, Çin dövlət media qurumu China Media Group (CMG) İspaniya La Liqasının oyunlarının televiziya yayımlarını dayandırıb.

Çinin sosial media platformalarında da Mbappe ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Czyakun oktyabrın 28-də keçirdiyi brifinqdə Mbappenin üzrxahlığı ilə bağlı suala cavab verib.

“Biz həmin şəxsin etdiyi üzrxahlığı ciddi qəbul edirik”, – deyə diplomat bildirib.

Lakin Çin XİN futbolçuya qarşı kommersiya boykotunun dayandırılıb-dayandırılmayacağını açıqlamayıb.

Hələlik Mbappenin itirdiyi sponsorluq müqavilələrinin bərpa olunacağına və La Liqa yayımlarının nə vaxt yenidən başlayacağına dair rəsmi məlumat yoxdur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.