Polşada hakim koalisiyanın Prezident Karol Navrotskini vəzifədən uzaqlaşdırmaq üçün konstitusion prosedurun başladılması imkanını nəzərdən keçirdiyi bildirilir. Məlumat parlamentin aşağı palatası olan Seymin adı açıqlanmayan deputatına istinadən yayılıb.
MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb. Agentliyin xəbərini digər nəşrlər də dərc ediblər.
Məlumata görə, Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hakim koalisiya Navrotskinin vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirə bilər.
Agentliyə danışan deputat təşəbbüsü Navrotskinin keçmiş fəaliyyəti ilə bağlı yenidən gündəmə gələn mübahisələrlə əlaqələndirib.
Söhbət onun əvvəllər Sopot şəhərindəki “Grand Hotel”də mühafizəçi işlədiyi dövrlə bağlı səsləndirilən iddialardan gedir.
Prezidentin fahişəliyin təşkilində vasitəçilik etdiyi iddia olunsa da, bu ittihamlar məhkəmə tərəfindən sübuta yetirilməyib. Navrotski barəsində yayılan məlumatları mübahisələndirərək mülki məhkəməyə müraciət edib.
Oktyabrın 27-də keçirilən məhkəmə iclasında şahidlər ifadə veriblər. Prezidentin ifadəsinin 2027-ci il yanvarın 18-də dinlənilməsi nəzərdə tutulur.
Polşa Konstitusiyasının 145-ci maddəsinə əsasən, dövlət başçısının məsuliyyətə cəlb olunması üçün xüsusi prosedur nəzərdə tutulur.
Bunun üçün:
-
Milli Məclisin ən azı 140 üzvü müvafiq təşəbbüs irəli sürməlidir.
-
Seym və Senat üzvlərindən ibarət Milli Məclisin ümumi tərkibinin ən azı üçdə ikisi – 374 nəfər qərarı dəstəkləməlidir.
-
Qərar qəbul edilərsə, prezidentin səlahiyyətlərinin icrası dayandırılır və iş Dövlət Tribunalında araşdırılır.
Prezidentin vəzifədən birdəfəlik uzaqlaşdırılması isə Dövlət Tribunalının qərarından asılıdır.
Karol Navrotski 2025-ci ilin avqustunda Polşa Prezidenti vəzifəsinin icrasına başlayıb.