Rusiya Prezidenti Vladimir Putin dünya qaz bazarında qeyri-müəyyənliyin artdığı və enerji qiymətlərinin kəskin dəyişə biləcəyi barədə xəbərdarlıq edib. O, Avropaya qaz nəql edən kəmərlərin partladılmasını, Yaxın Şərqdəki gərginliyi və texnoloji məhdudiyyətləri qlobal qaz sənayesinin sabitliyinə təsir göstərən əsas amillər sırasında göstərib.
MSNews.az xəbər verir ki, Rusiya lideri bu barədə oktyabrın 27-də Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun VIII Zirvə Görüşündə çıxışı zamanı danışıb.
Putin bildirib ki, Rusiyadan Avropaya uzanan qaz kəmərlərinə qarşı partlayışlar və bəzi dövlətlərin enerji sektoruna tətbiq etdiyi məhdudiyyətlər beynəlxalq qaz bazarına mənfi təsir göstərib.
“Rusiyanın Avropaya qaz kəmərlərinə qarşı birbaşa terror aktları törədilib. Onlar partladılıb. Bəzi dövlətlər isə müvafiq avadanlıq və texnologiyaların alınmasına maneələr qoyub”, – deyə Rusiya Prezidenti bildirib.
Onun sözlərinə görə, nəticədə ənənəvi ticarət əlaqələri pozulub, qiymətlər yüksəlib və bir sıra investisiya layihələri təxirə salınıb.
Putin qazın qiymətində baş verən kəskin artımın əks istiqamətdə də dəyişə biləcəyinə diqqət çəkib.
“Qiymətlər kəskin artıb, lakin onlar eyni sürətlə əvvəlki səviyyəyə də qayıda bilər”, – deyə o vurğulayıb.
Qeyd edək ki, qaz kəmərlərindəki partlayışların baş verməsi faktı ilə onlara görə kimin məsuliyyət daşıması məsələsi bir-birindən fərqlidir. Putin çıxışında baş verənləri terror aktı kimi xarakterizə edib.
Prezident Rusiyanın qlobal enerji bazarındakı roluna da toxunub.
Onun sözlərinə görə, Rusiya təbii qaz ehtiyatlarına görə dünyada birinci, hasilat həcminə görə isə ikinci yeri tutur.
Putin bildirib ki, Rusiyanı beynəlxalq qaz bazarından kənarlaşdırmaq cəhdləri istehlakçılar, xüsusilə Avropa ölkələrinin müəssisələri və ev təsərrüfatları üçün əlavə xərclər yaradır.
Rusiya lideri ölkəsinin etibarlı enerji təchizatçısı olaraq qalmaq niyyətində olduğunu vurğulayıb.
Putin dünya üzrə təbii qaza tələbatın artdığını bildirərək istehsalçı ölkələrin qarşısında mühüm vəzifələr dayandığını qeyd edib.
O, qaz tədarükünün sabitliyinin qorunmasının həm əhalinin istilik təminatı, həm elektrik enerjisi istehsalı, həm də sənaye müəssisələrinin fəaliyyəti baxımından vacib olduğunu vurğulayıb.
Rusiya Prezidentinin təqdim etdiyi göstəricilərə əsasən, 2025-ci ildə dünyada təbii qaz istehlakı təxminən 4,2 trilyon kubmetr təşkil edib. Onun istinad etdiyi proqnozlara görə, əsrin ortalarına qədər bu göstərici illik 5,5 trilyon kubmetrə çata bilər.
Forumun yekununda qəbul edilən Moskva Bəyannaməsində də enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qazın etibarlı tədarükünün təmin olunması prioritet istiqamətlər kimi göstərilib.