Azərbaycanda vəzifəli şəxslərə yeni qadağalar tətbiq oluna bilər

Azərbaycanda vəzifəli şəxslərin əlavə və kənar fəaliyyətinə məhdudiyyətlər qoyulması təklif edilir. Yeni qanun layihəsində vəzifədən ayrıldıqdan sonra da iki il qüvvədə qalacaq qadağalar nəzərdə tutulur.

75

Azərbaycanda vəzifəli şəxslərin əlavə və kənar fəaliyyətlə məşğul olmasına yeni məhdudiyyətlərin tətbiqi təklif edilir. “Maraqlar toqquşması haqqında” qanun layihəsinə əsasən, vəzifəli şəxslərin digər vəzifələr tutması və əlavə fəaliyyətlə məşğul olması müəyyən şərtlərlə məhdudlaşdırılacaq.

MSNews.az xəbər verir ki, müvafiq müddəalar Milli Məclisə təqdim edilən yeni qanun layihəsində əksini tapıb.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin 29 oktyabrda keçiriləcək birgə iclasında müzakirə olunacaq.

Layihəyə əsasən, vəzifəli şəxslər səlahiyyətli qurumların müvafiq rəyi olmadan əlavə vəzifə tuta və kənar fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti isə istisna təşkil edəcək.

Bununla belə, həmin fəaliyyətlər də vəzifəli şəxsin əsas xidməti öhdəliklərinin yerinə yetirilməsinə mane olmamalı və maraqlar toqquşması yaratmamalıdır.

Yeni tənzimləmənin məqsədi vəzifəli şəxslərin şəxsi maraqları ilə xidməti səlahiyyətləri arasında ziddiyyətlərin qarşısını almaqdır.

Qanun layihəsinin diqqətçəkən müddəalarından biri də vəzifəli şəxslərin üçüncü şəxslərin maraqlarını təmsil etməsi ilə bağlıdır.

Təklifə əsasən, vəzifəli şəxslərə işlədikləri qurumla bağlı məsələlərdə üçüncü şəxslərin nümayəndəsi kimi çıxış etmək həm xidmət müddətində, həm də vəzifədən ayrıldıqdan sonrakı iki il ərzində qadağan olunacaq.

Bu məhdudiyyətin keçmiş vəzifəli şəxslərin xidməti əlaqələrindən şəxsi və ya kommersiya maraqları üçün istifadə etməsi riskini azaltması nəzərdə tutulur.

Layihədə maraqlar toqquşması nəticəsində əldə olunan əmlakın, imtiyazların və güzəştlərin dövlətə qaytarılması mexanizmləri də yer alır.

Belə əmlak könüllü qaytarılmadıqda məhkəmə qərarı ilə dövlət nəfinə alına bilər.

Bundan əlavə, maraqlar toqquşması nəticəsində qəbul edilmiş qərarların qanunla müəyyən olunan qaydada ləğvi də nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən məhdudiyyətlər hələ qüvvəyə minməyib. Onların tətbiqi üçün qanun layihəsinin müvafiq qanunvericilik prosedurlarından keçməsi tələb olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.