Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu başlayır

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır. Tədbirdə 8 ölkədən vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək.

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır. Forum Azərbaycan Respublikasının QHT Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə keçirilir. Tədbir “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutur. 

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirin əsas məqsədi Türk dünyası QHT-ləri arasında əməkdaşlığı gücləndirmək, beynəlxalq platformalarda birgə və koordinasiyalı fəaliyyəti genişləndirməkdir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu 2025-ci il noyabrın 23–26-da Bakı və Naxçıvanda keçirilib. Həmin forum çərçivəsində Türk Dövlətləri Təşkilatının tarixində xüsusi rəmzi əhəmiyyət daşıyan Naxçıvan şəhərində üzv ölkələrin QHT Platforması təsis edilib. Platformaya rəhbərlik isə TDT-nin hazırkı sədri qismində Azərbaycana həvalə olunub.

Prezident İlham Əliyev həmin forumun iştirakçılarına müraciətində Türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatları arasında ictimai kommunikasiyanın gücləndirilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycan Türk Dövlətləri Təşkilatına sədrlik edən ölkə kimi bu istiqamətdə fəal iş apardığını bildirmişdi. Dövlət başçısı Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində vahid platformada, birgə və koordinasiyalı fəaliyyətinin ümumi məqsədlərə mühüm töhfə verə biləcəyini qeyd etmişdi.

I Forum çərçivəsində Naxçıvanda “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunub. Bu baxımdan II Həmrəylik Forumunun “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilməsi Türk dünyası vətəndaş cəmiyyəti institutlarının urbanizasiya, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq gündəliyinə daha fəal qoşulması baxımından diqqət çəkir.

II Həmrəylik Forumu çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Qırğızıstan, Azərbaycan–TürkmənistanAzərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da keçiriləcək. Bundan əvvəl 2022-ci il mayın 19-da Azərbaycan–Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan–Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan–Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də isə Bakıda Azərbaycan–Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu təşkil olunub.

Son 7 ay ərzində TDT məkanını təmsil edən QHT nümayəndələrinin ikinci dəfə Azərbaycanda bir araya gəlməsi ölkəmizin Türk dünyasında vətəndaş cəmiyyəti diplomatiyasının inkişafında mühüm platformalardan birinə çevrildiyini göstərir. Forumun Türk dünyası QHT-lərinin beynəlxalq təşkilatlar çərçivəsində daha sistemli, çevik və koordinasiyalı fəaliyyətinə yeni impuls verəcəyi gözlənilir.