Ermənistan–Avropa İttifaqı strateji tərəfdaşlıq proqramı sülh gündəliyinə təhlükə yarada bilərmi?

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq gündəliyi Azərbaycan tərəfindən narahatlıqla qarşılanıb. Ermənistan XİN isə proqramın sülh prosesinə zidd olmadığını açıqlayıb.

116

2 dekabr 2025-ci ildə Brüsseldə keçirilən Avropa İttifaqı–Ermənistan Əməkdaşlıq Şurasının VI iclası nəticəsində “Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq üçün strateji gündəlik” adlı sənəd imzalanıb. Azərbaycan Xarici İşlər Nazirliyi bu sənədə ciddi narahatlıqla yanaşdığını açıqlayıb.

Nazirlik haqlı olaraq bildirir ki, sənəddə bəzi müddəaların prioritetləşdirilməsi postmünaqişə dövrünün reallıqlarını əks etdirmir və ümumilikdə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi ilə ziddiyyət təşkil edir.

Xüsusilə, sənədin girişində və digər bölmələrdə istifadə olunan “Azərbaycanın hərbi əməliyyatlarından sonra məcburi köçkün olmuş Qarabağ erməniləri” ifadəsi, təqdim edilmiş Azərbaycan reinteqrasiya planını qəbul etməyərək könüllü şəkildə Ermənistana köç edən erməni sakinlərinə aid edilib və onların statusunun “qaçqın” kimi göstərilməsi, Azərbaycanın mövqeyinə qarşı tərəfli yanaşma kimi qiymətləndirilir.

Həmçinin, sənəddə Aİ–Ermənistan tərəfdaşlığı prioritetləri çərçivəsində Ermənistan təşəbbüsü olan “Sülh Kəsişməsi” layihəsinə dair müddəaların əks olunmasına baxmayaraq, Vaşinqton sammitində 8 avqustda normallaşma prosesində əldə edilmiş və böyük əhəmiyyətə malik “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinə heç bir istinadın olmaması narahatlıq doğurur. Bu, Ermənistanın TRIPP üzrə öhdəlikləri yerinə yetirmək niyyətinin ciddiliyi və Aİ-nin layihəyə dəstək səviyyəsi ilə bağlı suallar yaradır.

Ermənistan Xarici İşlər Nazirliyi isə Azərbaycan XİN-in narahatlıqlarına cavab olaraq bildirib ki, Ermənistan–Aİ strateji tərəfdaşlıq proqramı Azərbaycanla sülh prosesinə zidd deyil. Nazirliyin mətbuat katibi Ani Badalyan “Armenpress”-ə açıqlamasında proqramın qarşılıqlı dəyərlərə və maraqlara əsaslanan ikitərəfli tərəfdaşlığı əks etdirdiyini vurğulayıb:

“Bu gündəlik yalnız Avropanın erməni vətəndaşlarının arzularını əks etdirmir, həmçinin Aİ-nin suverenlik, ərazi bütövlüyü, demokratiya və sosial-iqtisadi dayanıqlılığın dəstəklənməsinə verdiyi önəmi nümayiş etdirir. Bu, regionda sülhün möhkəmləndirilməsi səylərinə töhfə verir,” – deyə Badalyan qeyd edib.

O əlavə edib ki, strateji tərəfdaşlıq proqramı iyun ayında ikitərəfli danışıqların nəticəsi olaraq tamamlanıb və regionda sabitlik, rifah və sülhün gücləndirilməsinə dair ortaq baxışı əks etdirir.

Bundan əlavə, eyni gün keçirilmiş Ermənistan–Aİ Tərəfdaşlıq Şurasının iclası nəticəsində qəbul edilmiş birgə bəyanatda Avropa İttifaqı ABŞ-da keçirilmiş sülh sammitində Ermənistan və Azərbaycan arasında əldə edilmiş tarixi nəticələri, o cümlədən “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” razılaşmanın imzalanmasını alqışlayıb və sülhün möhkəmləndirilməsi istiqamətində dəstəyini təsdiqləyib.