İlham Əliyev: “Azərbaycan-Vyetnam əlaqələrində böyük potensial var”

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında ticarət, enerji və nəqliyyat əməkdaşlığından danışıb. Dövlət başçısı yeni investisiya imkanlarını açıqlayıb.

39

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib. Dövlət başçısı Vyetnamla ticarət dövriyyəsinin artırılmasını və yeni birgə layihələrin həyata keçirilməsini prioritet istiqamətlərdən biri adlandırıb.

MSNews.az xəbər verir ki, Prezident bu barədə noyabrın 19-da Vyetnama rəsmi səfəri ərəfəsində “Vyetnam Xəbər Agentliyi”nə (VNA) müsahibəsində danışıb. Müsahibənin tam mətni Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub.

İlham Əliyevin sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, mövcud göstərici iki ölkənin iqtisadi potensialını tam əks etdirmir.

Dövlət başçısı SOCAR və “PetroVietnam” arasında enerji əməkdaşlığının genişləndirilməsini, həmçinin Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağını xüsusi qeyd edib.

Prezident bildirib ki, 2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında tranzit daşımalarının həcmi təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Onun sözlərinə görə, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnamla Avropa arasında yükdaşımalar üçün yeni imkanlar yaradır.

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə də toxunaraq 1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfərlərinin əhəmiyyətini vurğulayıb. O, 2025-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbulunu mühüm mərhələ adlandırıb.

Humanitar əməkdaşlıqdan danışan Prezident sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil aldığını xatırladıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və xeyriyyə layihələri də qeyd olunub.

“Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır”, – deyə dövlət başçısı bildirib.

Prezident iki ölkənin birgə fəaliyyətinin yeni bazarlara çıxış, investisiyaların artırılması və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, İlham Əliyev noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.