İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun siyasi yüksəlişi yalnız Netanyahu hakimiyyətinə alternativ kimi deyil, İsrail daxilində uzunmüddətli sosial və siyasi transformasiyanın göstəricisi kimi də qiymətləndirilə bilər.
Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, Eyzenkotun mümkün hakimiyyəti İsrailin xarici və təhlükəsizlik siyasətinin mahiyyətindən daha çox, bu siyasəti təmsil edən siyasi elitanın simasını dəyişə bilər.
Eyzenkot Mərakeşdən İsrailə köçmüş ailədə doğulub. O, baş nazir olarsa, ölkə tarixində Mizrahi – Yaxın Şərq və Şimali Afrika yəhudiləri – mənşəli ilk hökumət başçısı olacaq.
“Eyzenkotun əhəmiyyəti yalnız Netanyahunun əsas rəqiblərindən biri olmasında deyil. İsrailin qurulmasından bəri baş nazir postunun sosial-etnik simvolikasını dəyişə biləcək fiqur olması daha dərin prosesdən xəbər verir”.
Pərviz Əliyevin fikrincə, bu amil xüsusilə vacibdir, çünki Mizrahi yəhudilər tarixən İsrail sağının mühüm sosial dayaqlarından biri olub. Eyzenkot isə həmin sosial təbəqədən çıxaraq mərkəzçi müxalifətin ön sıralarına yüksəlib.
“Netanyahu gedə bilər, amma təhlükəsizlik doktrinası qala bilər”
Əliyevin əsas tezisinə görə, Eyzenkotun yüksəlişini “Netanyahu siyasətinin tam rəddi” kimi qiymətləndirmək düzgün olmaz.
“Burada maraqlı ssenari budur: Netanyahunun özü hakimiyyətdən gedə bilər, amma onun dövründə formalaşmış bir sıra təhlükəsizlik prioritetləri qoruna bilər. İran, HƏMAS və Hizbullah məsələsində Eyzenkot liberal alternativ deyil”.
Eyzenkot İsrail ordusunda 41 il xidmət edib və 2015-2019-cu illərdə Baş Qərargah rəisi olub. O, HƏMAS-ın hərbi imkanlarının məhv edilməsini və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını müdafiə edir.
Pərviz Əliyevin fikrincə, bu xüsusiyyət İsrail sisteminin Eyzenkot üzərindən daha geniş sosial konsensus yaratmaq imkanını artırır:
“Netanyahunun siyasi üslubu və ifrat sağla ittifaqı dəyişə bilər, amma dövlətin regional təhlükəsizlik strategiyasının əsas sütunları qala bilər. Başqa sözlə, dünyaya göstərilən üz dəyişər, sistemin nüvəsi isə qorunar”.
Mizrahi faktorunun siyasi əhəmiyyəti
Əliyev Eyzenkotun mənşəyini sırf simvolik məsələ hesab etmir.
Onun fikrincə, İsrail siyasətində uzun müddət sağ partiyalara daha çox meylli olan Mizrahi seçicilərlə mərkəzçi müxalifət arasında körpü qurmaq cəhdi siyasi baxımdan diqqətəlayiqdir.
Son sorğular Eyzenkotun müxalifət seçiciləri arasında baş nazirliyə əsas namizədlərdən biri olduğunu göstərir. Sentyabr sorğusunda müxalifət tərəfdarlarının 50 faizi onu növbəti baş nazir kimi görmək istədiyini bildirib. Bununla yanaşı, seçkiyə günlər qalmış blokların heç biri 61 mandatlıq çoxluğa malik görünmür və koalisiya hesablamaları açıq qalır.
“İsrail siyasi sistemi ilk dəfə belə geniş təhlükəsizlik təcrübəsinə malik, Mizrahi mənşəli və eyni zamanda mərkəzçi siyasi düşərgənin aparıcı simasına çevrilmiş bir namizədlə qarşılaşır”.
“Dərin İsrail” tezisi
Pərviz Əliyev hesab edir ki, Eyzenkot fenomenini İsrail dövlət institutları ilə siyasi hakimiyyət arasındakı münasibətlər fonunda da oxumaq mümkündür.
“İsrailin ordu, təhlükəsizlik və hüquq institutları ilə Netanyahu arasında son illərdə yaranan ciddi fikir ayrılıqları məlumdur. Eyzenkot isə həmin hərbi isteblişmentin içindən çıxıb, amma cəmiyyətdə yalnız köhnə Aşkenazi elitasının nümayəndəsi kimi görünmür”.
Araşdırmaçının qənaətinə görə, əsas transformasiya belə ifadə oluna bilər:
“Əgər Eyzenkot hakimiyyətə gəlsə, İsrail layihəsinin mahiyyəti dəyişməyə bilər. Amma onun daxildə kim tərəfindən təmsil edildiyi və xaricə hansı siyasi üslubla təqdim edildiyi dəyişə bilər. İsrail Netanyahu dövrünün bir sıra hərbi-siyasi nəticələrini qoruyaraq, Netanyahu olmadan yeni mərhələyə keçməyə çalışa bilər”.
Bu baxımdan, Eyzenkotun siyasi yüksəlişi yalnız bir seçki kampaniyasının nəticəsi deyil, İsrailin sosial bazası, təhlükəsizlik isteblişmenti və siyasi mərkəzi arasında yeni balans axtarışının göstəricisi kimi də qiymətləndirilə bilər.