ABŞ ordusu Prezident Donald Trampın əmri veriləcəyi təqdirdə 96 saat ərzində İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlamağa hazırdır. Amerika hərbi qüvvələrinin mümkün hücumları həyata keçirmək üçün Yaxın Şərqdə kifayət qədər qüvvə və texnika yerləşdirdiyi bildirilir.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “CNN” telekanalı iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Planlaşdırılan əməliyyatın miqyası əvvəlki məhdud zərbələrdən daha geniş ola bilər. Mənbələrdən biri mümkün hərbi kampaniyanın böyük qüvvə və resurs tələb edəcəyini bildirib.
ABŞ rəsmiləri İranın Amerika ordusunun döyüş taktikasına daha yaxşı bələd olduğunu və bunun yeni əməliyyatlarda əlavə çətinliklər yarada biləcəyini də etiraf edirlər.
Telekanalın məlumatına görə, bəzi hazırkı və sabiq Amerika rəsmiləri Trampın hərbi əməliyyat əmri verməsini mümkün hesab edirlər. Onların fikrincə, belə bir qərar ilin sonunadək, xüsusilə 3 noyabrda keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən sonra qəbul edilə bilər.
Bununla belə, Tramp hələlik yeni hücum barədə yekun qərar verməyib. Mənbələr xatırladıblar ki, ABŞ Prezidenti əvvəllər də hərbi əməliyyatlara yaxın görünməsinə baxmayaraq, son anda fərqli qərar qəbul edib.
İsrailin də mümkün əməliyyatda iştirakı gündəmdədir
“CNN”in məlumatına əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı yeni hücumların həyata keçirilməsində maraqlıdır və ABŞ ilə birgə əməliyyat keçirilməsini istəyib.
Mənbələrin iddiasına görə, Netanyahu ABŞ-dakı aralıq seçkilərindən əvvəl birgə hərbi əməliyyatın başlanmasına çalışsa da, Tramp buna razılıq verməyib.
İsrailin yaxın müddətdə planlaşdırdığı əlavə zərbələri təxirə saldığı, lakin ABŞ ilə mümkün birgə əməliyyata hazırlığı davam etdirdiyi bildirilir.
İsrailin müdafiə naziri İsrael Kats isə hücum hazırlığına dair məlumatları təkzib edərək əsassız adlandırıb.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İrana qarşı yeni hücumlar baş verərsə, Tehran və Yəməndəki husilər regionda yerləşən Amerika hərbi qulluqçularına və obyektlərinə cavab zərbələri endirə bilərlər.
Bu ehtimal fonunda ABŞ-nin Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Ağ Ev məlumatla bağlı şərh verməkdən imtina edib. Pentaqon isə prezidentin qərarına uyğun hərbi variantların hazırlanmasının Müdafiə Nazirliyinin vəzifəsi olduğunu bildirib.