Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ölkəsinin qarşıdakı 1000 gün ərzində mümkün müharibəyə tam hazır vəziyyətə gətirilməli olduğunu bəyan edib. Nazir xəbərdarlıq edib ki, 2030-cu ilədək potensial rəqiblərin hərbi imkanları Britaniyaya və onun müttəfiqlərinə hücum etməyə imkan verəcək səviyyəyə çata bilər.
MSNews.az xəbər verir ki, Stritinq bu barədə oktyabrın 24-də “The Telegraph” nəşrində dərc olunan məqaləsində yazıb.
Britaniyalı nazirin sözlərinə görə, ölkəyə qarşı mövcud təhdidlərin xarakteri dəyişir və potensial rəqiblərin hərbi gücü sürətlə artır.
“Rəqiblərimizin bizə zərər vermək istəyi yeni deyil. Dəyişən onların imkanlarıdır. 2030-cu ilə qədər hərbi qüvvələri və müharibə iqtisadiyyatları onları hücum edə biləcək vəziyyətə gətirə bilər”, – deyə Stritinq bildirib.
Nazir vurğulayıb ki, Böyük Britaniyanın NATO müttəfiqləri ilə birlikdə mümkün hərbi qarşıdurmaya hazırlaşması üçün təxminən 1000 gün vaxtı var.
“Ən pis ssenarinin qarşısını almaq üçün ona hazırlaşmalıyıq. Əsas prioritetim ölkəmizin müharibə aparmağa və qalib gəlməyə hazır olmasını təmin etməkdir”, – deyə müdafiə naziri qeyd edib.
Stritinq xüsusilə Rusiyadan qaynaqlanan təhlükələrə diqqət çəkib. Onun fikrincə, Britaniya ordusunun döyüş qabiliyyətinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və NATO çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi təxirəsalınmaz vəzifələrdir.
Nazir müasir müharibələrdə pilotsuz uçuş aparatlarının, yeni texnologiyaların və hərbi istehsal imkanlarının getdikcə daha böyük əhəmiyyət qazandığını bildirib.
O, Ukraynadakı müharibənin hərbi texnologiyaların sürətlə dəyişdiyini nümayiş etdirdiyini vurğulayaraq Britaniyanın müdafiə sisteminin də bu dəyişikliklərə uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Müdafiə nazirinin açıqlamaları hökumətin yeni “Be Ready” (“Hazır olun”) kampaniyasına başladığı dövrə təsadüf edir.
Kampaniya çərçivəsində vətəndaşlara fövqəladə vəziyyətlər zamanı ən azı 72 saat ərzində öz ehtiyaclarını qarşılaya biləcək ərzaq, içməli su, dərman və digər zəruri vasitələr saxlamaq tövsiyə olunur.
Hökumət bu hazırlığın yalnız müharibə ehtimalı ilə deyil, həm də kiberhücumlar, enerji təchizatında fasilələr və təbii fəlakətlər kimi təhlükələrlə əlaqəli olduğunu bildirir.