Yaponiyada 1500 illik sirli heykəl tapıldı – Şaman ayinlərinin izləri

Yaponiyada 1500 il əvvələ aid qədim məzarda dini ayinlərlə əlaqəli olduğu ehtimal edilən qadın heykəlciyi aşkarlanıb. Tapıntı qədim yapon inanclarına işıq sala bilər.

12

Yaponiyada arxeoloqlar təxminən 1500 il əvvələ aid qədim məzar kompleksində dini ayinlərlə əlaqəli olduğu ehtimal edilən qadın heykəlciyi aşkar ediblər. Üzərində qırmızı boya izləri, zinət əşyaları və müəmmalı mərasim əşyası olan tapıntı qədim yapon inanclarının öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” və arxeologiya üzrə ixtisaslaşmış “Arkeonews” nəşrləri məlumat yayıb. Kəşf Yaponiyanın Qunma prefekturasının İsesaki şəhərində yerləşən Nişikaminomiya arxeoloji sahəsində qeydə alınıb.

Arxeoloqların məlumatına görə, təxminən 40 santimetr hündürlüyündə olan gil heykəl eramızın V əsrinin ikinci yarısına aiddir. Əsər qədim Yaponiyada məzarların üzərinə və ətrafına yerləşdirilən “haniwa” fiqurlarından biridir.

Heykəlciyin baş və bədəninin yuxarı hissəsi yaxşı vəziyyətdə qorunub saxlanılıb. Onun saç düzümü, biləklərindəki bəzək əşyaları və sağ çiynindən sinəsinə uzanan qurşaq diqqət çəkir. Üzündə və geyimində qırmızı boya qalıqları da aşkar edilib.

Tədqiqatçıların ən çox marağına səbəb olan detal isə qadın fiqurunun sol əlində tutduğu çubuğa bənzər əşyadır. Mütəxəssislər həmin predmetin qədim dini mərasimlərdə istifadə edilən ritual alət ola biləcəyini düşünürlər.

Qunma Prefekturasının Arxeoloji Tədqiqat Mərkəzi heykəlciyin qədim Yaponiyada dini ayinlərdə iştirak edən “miko” adlı qadınları təsvir etdiyini ehtimal edir. Bununla belə, fiqurun konkret bir şəxsi, yoxsa simvolik obrazı əks etdirdiyi hələ müəyyənləşdirilməyib.

Qədim məzar çayın yaxınlığında aşkarlanıb

Tapıntı Yaponiyanın Tone çayı ətrafında aparılan sahilbərkitmə işləri ilə əlaqədar başlayan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

2020-ci ildən davam edən araşdırmalarda ərazidə Kofun dövrünə aid 11 qədim məzar kurqanı müəyyən edilib. Yeni heykəlcik həmin kompleksdəki 1 nömrəli məzarı əhatə edən xəndəkdə tapılıb.

Kofun dövründə, təxminən III–VII əsrlərdə “haniwa” adlanan gil fiqurlar dəfn mərasimlərinin mühüm elementlərindən olub. Bu heykəllər insanlar, heyvanlar, evlər və müxtəlif məişət əşyaları formasında hazırlanırdı.

Arxeoloqlar hesab edirlər ki, yeni tapıntı qədim yapon cəmiyyətində qadınların dini mərasimlərdəki rolunu və dəfn ənənələrini daha yaxşı anlamağa imkan verə bilər.

Heykəlciyin oktyabrın 28-dən noyabrın 30-dək Qunma Prefekturasının Arxeoloji Tədqiqat Mərkəzində ictimaiyyətə nümayiş etdirilməsi planlaşdırılır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.