Nəsir Ağayev: “Türkiyə-Liviya sazişinin arxasında illərlə davam edən proses var”

Yaxın Şərq üzrə analitik Nəsir Ağayev Liviya parlamentinin Türkiyə ilə dəniz yurisdiksiyası memorandumunu təsdiqləməsini Ankara-Həftər yaxınlaşması və Liviyanın şərqində dəyişən siyasi balansla əlaqələndirib.

59

Liviyanın Nümayəndələr Palatasının oktyabrın 20-də Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyası memorandumunu təsdiqləməsi Şərqi Aralıq dənizində son illərin diqqətçəkən diplomatik hadisələrindən biridir.

Beynəlxalq təhlükəsizlik və hərbi-siyasi proseslər üzrə tədqiqatçı, Yaxın Şərq üzrə analitik Nəsir Ağayev hesab edir ki, qərarı İsrailin regional siyasətinə ani cavab kimi təqdim etmək hadisənin arxasında duran uzunmüddətli prosesi nəzərdən qaçırır.

“Ratifikasiyanın İsrailin maraqlarına zidd olması onun məhz İsrailə qarşı həyata keçirildiyi mənasını daşımır. Saziş illərlə davam edən diplomatik fəaliyyətin, qarşılıqlı güzəştlərin və Liviyanın daxilində dəyişən qüvvələr balansının nəticəsidir”.

Liviya parlamenti oktyabrın 20-də memorandumu təsdiqləməklə yanaşı, Türkiyə ilə siyasi əlaqələrin məhdudlaşdırılmasına dair əvvəlki qərarlarını da ləğv edib. Bu addım uzun müddət Ankara ilə qarşıdurmada olmuş Liviyanın şərqində Türkiyəyə münasibətin ciddi şəkildə dəyişdiyini göstərir.

Ağayev xatırladır ki, proses 2019-cu ildə Türkiyənin Tripolidəki hökumətlə saziş imzaladığı dövrdən başlayır:

“O zaman Xəlifə Həftər Türkiyə ilə faktiki hərbi qarşıdurmada idi və Misir, BƏƏ və Rusiyanın dəstəyindən yararlanırdı. 2020-ci ildə Tripolini ələ keçirmək planı uğursuz oldu, lakin Həftər Liviyanın şərqində hakim mövqeyini qorudu”.

Sonrakı illərdə Ankara siyasətinə korrektələr edərək Həftər düşərgəsi, xüsusilə Səddam Həftərlə münasibətləri genişləndirməyə başladı.

Əqilə Salehin gedişi dönüş nöqtəsi oldu

Ağayevin fikrincə, ratifikasiyanın qarşısındakı əsas siyasi maneələrdən biri uzun illər parlamentə rəhbərlik etmiş Əqilə Saleh idi.

Oktyabrın 6-da Liviya parlamenti Salehi təxminən 12 illik sədrlikdən sonra vəzifədən uzaqlaşdıraraq onun yerinə Əs-Salihin Əbdünnəbi əl-Übeydini seçib. Yeni sədr daha əvvəl Liviya-Türkiyə Parlamentlərarası Dostluq Komitəsinə rəhbərlik edib.

“Bu fakta xüsusi diqqət yetirmək lazımdır: Türkiyə ilə parlamentlərarası dostluq komitəsinin keçmiş rəhbəri parlament sədri oldu və təxminən iki həftə sonra memorandum təsdiqləndi”.

Ağayev hesab edir ki, Salehin zəifləməsi Səddam Həftərin Liviyanın şərqində siyasi qərarverməni daha çox mərkəzləşdirməsi ilə bağlıdır. Bu yanaşma beynəlxalq ekspertlərin qiymətləndirmələrində də yer alır. “Chatham House” analitiki Emadəddin Badi Salehin gedişini Səddam Həftərin şərqdə qərarverməni mərkəzləşdirmək cəhdlərinin nəticələrindən biri kimi qiymətləndirib.

Ankara artıq yalnız Tripoli ilə danışmır

Nəsir Ağayevin fikrincə, Türkiyə üçün əsas diplomatik nailiyyət sazişin özündən daha genişdir:

“Ankara artıq yalnız Tripoliyə deyil, Benqaziyə də təsir imkanları qazanıb. Türkiyə Liviyada bir tərəfin himayədarı olmaqdan çıxaraq ölkənin müxtəlif güc mərkəzləri ilə işləyən aktora çevrilir”.

Bununla yanaşı, ekspert risklərin də qalmasını vurğulayır. Onun fikrincə, Həftər ailəsinin daha da güclənməsi Liviyanın şərqində hakimiyyətin məhdud dairədə cəmləşməsi ehtimalını artırır. Səddam Həftərin Türkiyə ilə yanaşı Rusiya, BƏƏ və digər aktorlarla münasibətlər qurması isə onun gələcək siyasi ambisiyalarını gücləndirən amillərdən biri kimi qiymətləndirilir.

Yunanıstan isə memorandumun ratifikasiyasına etiraz edib və sənədin beynəlxalq dəniz hüququna uyğun olmadığını bildirib. Afina Türkiyə ilə Liviyanın qarşılıqlı və ya bitişik sahillərinin olmadığını əsas gətirərək razılaşmanı tanımadığını açıqlayıb.

Ağayev yekunda hesab edir ki, oktyabrın 20-də qəbul edilən qərarı Netanyahu tərəfindən təqdim edilən hansısa xəritəyə verilmiş birbaşa cavab kimi deyil, Ankaranın illərlə apardığı diplomatik siyasətin, Həftər ailəsi ilə yaxınlaşmanın və Liviyanın şərqində dəyişən güc balansının nəticəsi kimi oxumaq daha əsaslıdır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.