Ekspert: “ABŞ-İran danışıqları Livan cəbhəsində kilidləndi”

QAFSAM eksperti Novruzəli Yusubzadə İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının Livan, Hizbullah və Hörmüz boğazı məsələləri fonunda dalana dirəndiyini bildirib.

47

İsveçrədə ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanğıcı kimi təqdim olunsa da, prosesin gedişi bunun asan olmayacağını göstərir. Xüsusilə, Livan cəbhəsində İsrail-Hizbullah qarşıdurmasının davam etməsi, İranın bütün cəbhələrdə paralel sakitlik tələb etməsi və Hörmüz boğazı ilə bağlı sərt addımları danışıqların uğursuzluğa düçar ola biləcəyi barədə ehtimalları gücləndirib.

QAFSAM eksperti Novruzəli Yusubzadə MSNews.az-a şərhində bildirib ki, ABŞ-İran danışıqlarının əsas problemi nüvə dosyesindən daha genişdir. Onun sözlərinə görə, Tehran yalnız bir istiqamətdə razılaşma istəmir, prosesin Livan, İsrail, Hizbullah və regional təhlükəsizlik paketini də əhatə etməsində israrlıdır.

“Daha əvvəl də qeyd etmişdik ki, İsrailin Livan siyasəti birbaşa təhlükəsizlik məntiqi ilə bağlıdır. İsrail üçün Hizbullah sadəcə regional aktor deyil, milli təhlükəsizlik təhdididir. Bu səbəbdən də Təl-Əviv belə məsələlərdə daha qətiyyətli davranır və yarımçıq dayanmaq istəmir”, — ekspert bildirib.

Novruzəli Yusubzadənin fikrincə, İsrailin Livanın cənubunda, xüsusilə Nəbatiyə istiqamətində irəliləməsi danışıqların taleyinə birbaşa təsir edir. O hesab edir ki, İsrail Hizbullahla mübarizədə bu qədər məsafə qət etmişkən əməliyyatları dayandırmaqda maraqlı görünmür.

“İsrail Nəbatiyə istiqamətinə yaxınlaşdığı bir mərhələdə geri çəkilmə və ya tam dayanma qərarı onun hərbi-siyasi məntiqinə uyğun gəlmir. Təl-Əviv hesab edir ki, Hizbullahın hərbi infrastrukturu zəiflədilmədən Livan cəbhəsində real təhlükəsizlik təmin olunmayacaq”, — Yusubzadə qeyd edib.

Ekspertin sözlərinə görə, məhz, bu məqam ABŞ-İran danışıqlarında “paket həll” imkanlarını zəiflədir. Çünki İran yalnız nüvə məsələsi və sanksiyalar üzrə deyil, bütün regional cəbhələrdə paralel nəticə almağa çalışır.

“İranın yanaşması budur ki, əgər razılaşma olacaqsa, bu, yalnız Tehranın nüvə proqramı ilə məhdudlaşmamalıdır. Livan cəbhəsində savaş dayanmalı, İsrailin Hizbullaha qarşı əməliyyatları dayandırılmalı və regional təzyiq mexanizmləri yumşaldılmalıdır. ABŞ isə bu prosesi tam nizamlaya bilmir, çünki İsrailin hərbi qərarlarına tam nəzarət etmək Vaşinqton üçün də asan deyil”, — QAFSAM eksperti vurğulayıb.

Yusubzadə hesab edir ki, ABŞ-ın İsraili tam dayandıra bilməməsi İranı adekvat cavab mexanizmlərinə yönəldir. Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı addımlar da məhz, bu kontekstdə oxunmalıdır.

“Tehran görür ki, masa arxasında verilən vədlər meydanda qarşılıq tapmır. Livanda döyüşlər davam edirsə, İsrail Hizbullaha qarşı əməliyyatları genişləndirirsə, İran da təzyiq kartı kimi Hörmüz boğazını yenidən gündəmə gətirir. Bu, İranın danışıqlarda əlini gücləndirmək üçün istifadə etdiyi ən ciddi alətlərdən biridir”, — ekspert bildirib.

Novruzəli Yusubzadənin fikrincə, İsveçrə danışıqlarının uğursuzluq riski məhz tərəflərin fərqli nəticə gözləntisindən qaynaqlanır. ABŞ prosesi daha çox nüvə proqramı, sanksiyalar və regional eskalasiyanın idarə olunması çərçivəsində görür. İran isə bunu bütün cəbhələri əhatə edən ümumi təhlükəsizlik razılaşması kimi qəbul etdirmək istəyir.

“Əgər Livan cəbhəsi bağlanmırsa, Hizbullah məsələsində İsrail geri çəkilmirsə və ABŞ buna təminat verə bilmirsə, İran üçün bu razılaşma natamam sayılır. Natamam razılaşma isə Tehranın gözündə strateji məğlubiyyət kimi görünə bilər. Buna görə də danışıqlar formal olaraq davam etsə belə, real nəticə əldə etmək çətinləşir”, — ekspert əlavə edib.

Yusubzadə yekunda bildirib ki, İsveçrədəki prosesin taleyi təkcə ABŞ və İran masasında deyil, həm də Livanın cənubunda, İsrailin hərbi qərarlarında və Hörmüz boğazı ətrafında yaranacaq vəziyyətdə müəyyənləşəcək.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930