Rusiyada böyük kadr dəyişiklikləri: Putinin qızının təsiri artır?

Rusiyanın Baş naziri Mixail Mişustin hökumətdə geniş kadr dəyişiklikləri təklif edib. 41 yaşlı İrina Okladnikova baş nazirin müavini və hökumət aparatının rəhbəri vəzifəsinə namizəd göstərilib. Onun ailəsinin Putinin qızı Katerina Tixonovanın rəhbərlik etdiyi fondla əlaqələri diqqət çəkib.

44

Rusiyada hökumətin yüksək rəhbərliyində genişmiqyaslı kadr dəyişikliklərinə hazırlıq gedir. Prezident Vladimir Putinin dəstəklədiyi təkliflərə əsasən, bir neçə baş nazir müavininin dəyişdirilməsi, 41 yaşlı İrina Okladnikovanın isə hökumət aparatının rəhbərliyinə gətirilməsi nəzərdə tutulur. Yeni təyinatlarla bağlı müzakirələrdə Okladnikovanın ailəsinin Putinin qızı Katerina Tixonova ilə əlaqələri də diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, oktyabrın 19-da Rusiyanın Baş naziri Mixail Mişustin Prezident Vladimir Putinə hökumətdə nəzərdə tutulan kadr dəyişikliklərini təqdim edib.

“RBK” nəşrinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Prezident Putinin təklifləri dəstəklədiyini açıqlayıb. Namizədlərin müvafiq prosedurlardan sonra rəsmi qaydada vəzifəyə təyin edilməsi nəzərdə tutulur.

Dəyişikliklərin ən diqqətçəkən məqamlarından biri 41 yaşlı İrina Okladnikovanın yüksəlişidir. Hazırda Rusiyanın maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan Okladnikova baş nazirin müavini və hökumət aparatının rəhbəri postuna namizəd göstərilib.

“Vedomosti” nəşrinin məlumatına görə, o, 1984-cü il noyabrın 3-də Krasnoyarskda anadan olub. Okladnikova 2006-cı ildə Krasnoyarsk Dövlət Universitetini bitirib, 2014-cü ildə isə hüquq təhsili alıb.

O, Maliyyə Nazirliyində büdcə siyasəti, dövlət maliyyəsinin idarə olunması və investisiya layihələri ilə bağlı mühüm istiqamətlərə cavabdeh olub. Təyinat rəsmiləşərsə, Okladnikova hazırkı Rusiya hökumətinin ən gənc baş nazir müavini olacaq.

Onun adı ətrafında müzakirələrə səbəb olan məsələlərdən biri isə ailə əlaqələridir. “The Moscow Times” nəşrinin məlumatına görə, İrina Okladnikovanın qardaşı Aleksandr Volf 2021-ci ildən etibarən Vladimir Putinin qızı Katerina Tixonova ilə əlaqəli “İnnopraktika” fondunda çalışıb.
Okladnikovanın atası Andrey Volf isə daha əvvəl Krasnoyarsk diyarının Rusiya hökuməti yanında nümayəndəsi vəzifəsini tutub. Bu əlaqələr yeni kadr təyinatlarının Rusiya prezidentinin ailəsinə yaxın şəxslərin dövlət idarəçiliyindəki mövqelərinə necə təsir göstərə biləcəyi barədə müzakirələr yaradıb.

Lakin Okladnikovanın vəzifəyə gətirilməsinin Katerina Tixonova tərəfindən təşkil olunduğunu və ya onun maraqlarına xidmət etdiyini təsdiqləyən sübut təqdim edilməyib.

Hökumətdə digər mühüm dəyişiklik isə 70 yaşlı Yuri Trutnevin vəzifəsindən ayrılması ilə bağlıdır.

2013-cü ildən baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifələrini tutan Trutnevin hökumətdən getməsi nəzərdə tutulur. Onun yerinə Primorsk diyarının qubernatoru Oleq Kojemyakonun namizədliyi irəli sürülüb.

“Vedomosti”nin mənbələri Trutnevin gələcəkdə Kremldə prezidentin köməkçisi və ya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışa biləcəyini bildirirlər. Lakin bununla bağlı yekun qərar açıqlanmayıb.
Kadr dəyişiklikləri digər yüksək vəzifələri də əhatə edir. Maliyyə naziri Anton Siluanovun öz postunu saxlayaraq eyni zamanda baş nazirin müavini olması, hökumət aparatının hazırkı rəhbəri Dmitri Qriqorenkonun isə vəzifədən ayrılması planlaşdırılır.

Bundan başqa, nəqliyyat naziri Andrey Nikitinin baş nazirin nəqliyyat üzrə müavini, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun isə nəqliyyat naziri vəzifəsinə gətirilməsi təklif olunub.

Rusiyanın siyasi rəhbərliyindəki dəyişikliklər yaşlı vəzifəli şəxslərin mərhələli şəkildə daha gənc kadrlarla əvəzlənməsi barədə müzakirələri də gücləndirib.

Xatırladaq ki, Putinin uzunillik müttəfiqlərindən biri, keçmiş müdafiə naziri Sergey İvanov 2026-cı il iyunun 26-da 73 yaşında vəfat edib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.