Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq Konqres seçkilərini müşahidə etmək üçün dəvət almadığını açıqlayıb. Bu, təşkilatın 2002-ci ildən ABŞ federal seçkilərini müşahidə etməyə başlamasından sonra ilk belə haldır.
MSNews.az xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Parlament Assambleyası sentyabrın 23-də yaydıqları birgə bəyanatda qərardan təəssüfləndiklərini bildiriblər.
ATƏT-in məlumatına görə, təşkilat 2002-ci ildən bəri ABŞ-da keçirilmiş 12 federal seçkini, o cümlədən altı aralıq seçkini müşahidə edib. 2026-cı il seçkiləri isə həmin dövrdə ABŞ-ın ATƏT müşahidə missiyasını dəvət etmədiyi ilk federal seçki olacaq.
ATƏT Parlament Assambleyasının sədri Pere Joan Pons qərarı uzun illər formalaşmış təcrübədən ciddi uzaqlaşma kimi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq müşahidə seçki prosesinə müstəqil və obyektiv qiymət verilməsinə xidmət edir.
Təşkilat həmçinin bildirib ki, ABŞ-ın ATƏT müşahidəçilərini dəvət etməməsi 1990-cı il Kopenhagen Sənədində iştirakçı dövlətlərin üzərinə götürdüyü öhdəliklərlə uyğun gəlmir. Həmin sənəddə beynəlxalq müşahidəçilərin seçkilərə dəvət edilməsi öhdəliyi nəzərdə tutulur.
“DW” də qərarın ABŞ-da federal seçkilərin beynəlxalq müşahidəsi praktikasında presedent yaratdığını qeyd edib. Bununla belə, ABŞ administrasiyasının ATƏT-ə dəvət göndərməməsinin konkret səbəbi təşkilatın açıqlamasında göstərilməyib.
ATƏT bəyan edib ki, ABŞ-la seçkilərin müşahidəsi və əvvəlki tövsiyələrin icrası üzrə əməkdaşlığı davam etdirməyə hazırdır və gələcək federal seçkilərdə yenidən müşahidə missiyası göndərmək imkanının yaradılacağına ümid edir.