Moskva-Bakı xəttində yeni gərginlik?

Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. Eyni gün Azərbaycan Baş Prokurorluğu üç Rusiya vətəndaşı barədə beynəlxalq axtarış prosedurlarına başladığını açıqlayıb.

69

Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

MSNews.az xəbər verir ki, “APA” Rusiya bürosunun məlumatına əsasən, Həsənov bir müddət saxlanıldığı əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzindən hava limanına aparılıb və avqustun 17-də Rusiya Federasiyasından çıxarılıb.

“APA” qeyd edir ki, Həsənovun Rusiya vətəndaşlığı ötən il ləğv olunub. O, 2026-cı ilin iyununda hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra deportasiya məqsədilə miqrasiya mərkəzinə yerləşdirilmişdi. Rusiya dövlət qurumları deportasiyanın hüquqi əsasları barədə açıq şəkildə əlavə izahat yaymayıb.

Həsənov uzun müddətdir Moskvadakı Azərbaycan icmasının fəaliyyətində iştirak edib. “AZƏRTAC” onu hələ 2024-cü ildə Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri kimi təqdim edirdi.

Ayrıca, eyni gün Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində axtarış elan edildiyini açıqlayıb. Baş Prokurorluğun məlumatını yayımlayan “AZƏRTAC” bildirir ki, istintaq həmin şəxslərin iyulun 14-də “Semyon Uralov” adlı “YouTube” kanalındakı “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsullara, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışlar etdiklərinə dair əsaslı şübhələrin müəyyən olunduğunu bildirir.

Baş Prokurorluğun versiyasına görə, avqustun 13-də yayımlanan digər verilişdə də Azərbaycana qarşı zorakılıqdan istifadə və ayrı-ayrı şəxslərin fiziki məhv edilməsi ilə bağlı fikirlər səsləndirilib. Bunun əsasında Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri üzrə cinayət işi başlanıb. Uralov, Knyazev və Çadayev təqsirləndirilən şəxs qismində cəlb olunub, ölkə xaricində olduqları üçün barələrində axtarış və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq onların tərəfdaş ölkələrin ərazisində müəyyən edilərək Azərbaycana təqdim olunması və İnterpol kanalları ilə beynəlxalq axtarışının təşkili istiqamətində tədbirlərin görüldüyünü açıqlayıb.