Dövlət qulluğu sertifikatının müddəti 2 ilə endirilir

Yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi təklif olunur. Test imtahanları və müsahibələrə qeydiyyatla bağlı yeni qaydalar da nəzərdə tutulub.

14

Azərbaycanda dövlət qulluğuna qəbul üçün verilən sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi təklif olunur. Dəyişiklik yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.

MSNews.az xəbər verir ki, layihə sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Hazırkı qanunvericiliyə əsasən, dövlət qulluğu sertifikatı 5 il qüvvədədir.

Layihəyə görə, sertifikatı qüvvədə olan şəxs onun qüvvədə olduğu hər il ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsinə ödənişsiz qeydiyyatdan keçə biləcək. Beşdən artıq vəzifə üzrə müsahibədə iştirak isə ödənişli olacaq. Ödəniş məbləğini müvafiq qurum müəyyən edəcək.

Qeyd edək ki, qüvvədə olan qanunvericilikdə də sertifikat sahibi üçün ildə beş müsahibəyə ödənişsiz müraciət etmək hüququ nəzərdə tutulur. Yeni layihədə bu mexanizm Dövlət Qulluğu Məcəlləsi çərçivəsində “beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsi” formasında ifadə olunur.

Layihədə test imtahanlarının rübdə ən azı bir dəfə təşkil olunması da nəzərdə tutulub. İlk dəfə müsabiqədə iştirak edən şəxslərin, şəhid ailəsi üzvlərinin, həmçinin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin test imtahanı üçün ödənişi dövlət büdcəsi hesabına qarşılanacaq.

Dəyişikliklər hələ qanun layihəsi mərhələsindədir. Buna görə sertifikatların qüvvədə olma müddəti hazırda 5 il olaraq qalır və yeni qaydaların tətbiqi layihənin qanunvericilik prosedurlarından keçərək qəbul edilməsindən asılıdır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti