Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti “Global Infrastructure Partners”ın (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib. Görüşdə tərəfdaşlığın genişləndirilməsi, rəqəmsal və nəqliyyat infrastrukturu üzrə yeni investisiya imkanları müzakirə olunub.
MSNews.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevlə Adebayo Oqunlesinin bu ilin yanvarında Davosda keçirdikləri görüş xatırlanıb.
Davos görüşü çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və GIP arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolu imzalanmışdı. Sənəd ARDNF-nin GIP-in idarə etdiyi infrastruktur fondlarına və birgə layihələrə növbəti 3–4 il ərzində 1,5 milyard dollaradək potensial kapital qoyuluşunun nəzərdən keçirilməsini nəzərdə tutur.
Tərəflər sentyabrın 25-də keçirilən görüşdə artıq həyata keçirilən konkret beynəlxalq investisiya layihələrinə də toxunublar. ARDNF GIP-lə əməkdaşlıq çərçivəsində İtaliyanın yüksəksürətli dəmir yolu operatoru “Italo”ya 34,5 milyon avro, Londonun Qatvik hava limanına isə 50 milyon funt sterlinq sərmayə yatırıb.
Görüşdə Azərbaycanın infrastruktur sahəsində investisiya potensialı, xüsusilə rəqəmsal infrastruktur və nəqliyyat layihələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Söhbət zamanı Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və onun çərçivəsində ARDNF ilə “BlackRock”un birgə təşkil etdiyi Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyəti də vurğulanıb. Rəsmi məlumata görə, forumda ümumilikdə 30 trilyon dollar həcmində aktivləri idarə edən şirkətlərin nümayəndələri iştirak edirlər.
“BlackRock”un 2026-cı ilin ikinci rübünün sonuna olan məlumatına əsasən, şirkətin idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon dollara çatıb. GIP isə enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması kimi sahələrdə qlobal investisiyalar həyata keçirir.
GIP, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə süni intellekt üçün data mərkəzləri və enerji infrastrukturuna investisiyaları hədəfləyən qlobal tərəfdaşlığın təsisçilərindəndir. Sözügedən platformanın borc maliyyələşməsi də daxil olmaqla 100 milyard dollaradək investisiya potensialı yaratması nəzərdə tutulur.




