İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış etmək üçün sentyabrın 24-də Nyu-Yorka gəlib. Səfər Nyu-York meri Zohran Mamdaninin onun həbsinə dair çağırışları və şəhərdə keçirilən etiraz aksiyaları fonunda baş tutub.
MSNews.az xəbər verir ki, Netanyahu Nyu-York yaxınlığındakı Stüart Beynəlxalq Hava Limanına endikdən sonra Manhettendə yerləşən BMT qərargahına yollanıb. “Reuters”in məlumatına görə, İsrail Baş naziri çıxışında ölkəsinin Qəzzadakı hərbi əməliyyatlarını müdafiə etməyi və Mamdaninin ona qarşı səsləndirdiyi ittihamlara cavab verməyi planlaşdırırdı.
Mamdani daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin 2024-cü ildə Netanyahu barəsində verdiyi həbs orderinə istinad edərək onun saxlanılmasına çalışacağını bildirmişdi. Lakin iyul ayında Nyu-York şəhər hakimiyyətinin həmin orderi icra etmək üçün müstəqil hüquqi səlahiyyətinin olmadığını etiraf edib və məsələ ilə bağlı federal hökumətə müraciət edib.
“Associated Press” bu barədə məlumat yayıb.
Qeyd edək ki, BCM Netanyahu barəsində orderi Qəzza müharibəsi ilə əlaqədar ehtimal olunan hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər üzrə verib. İsrail həm BCM-nin yurisdiksiyasını, həm də Netanyahuya qarşı irəli sürülən ittihamları rədd edir. ABŞ və İsrail Roma Statutunun iştirakçısı deyil. Netanyahu isə öz növbəsində Mamdanini HƏMAS-ı dəstəkləməkdə ittiham edib.
Səfər zamanı Nyu-Yorkda Netanyahuya qarşı etiraz aksiyaları da keçirilib. “Reuters”in məlumatına görə, BMT qərargahı qarşısında keçirilən aksiyada ən azı 30 nəfər saxlanılıb. Etirazlarda Qəzzadakı müharibəyə və Netanyahunun BMT tribunasından çıxışına etiraz bildirilib.
İsrail hökuməti isə eyni vaxtda Manhettendə geniş informasiya kampaniyası başladıb. “The Times of Israel”ın məlumatına görə, şəhərdə 500 reklam lövhəsi və onlarla rəqəmsal ekranlı avtomobil yerləşdirilib. Kampaniyada əsasən İranın yaratdığı təhlükə və ABŞ–İsrail tərəfdaşlığı vurğulanıb.
Netanyahunun Nyu-York səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulmayıb. “Associated Press”in məlumatına görə, İsrail Baş nazirinin ABŞ-da qalma müddəti qısa olub və Tramp həmin vaxt Vaşinqtonda Çin lideri Si Cinpinlə görüş keçirib.