ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Qrenlandiyanın təhlükəsizliyi və müdafiəsi sahəsində əməkdaşlığı genişləndirən saziş imzalayıblar. Sənəd ABŞ-nin adadakı hərbi mövcudluğunun artırılmasını nəzərdə tutur.
MSNews.az xəbər verir ki, imzalanma mərasimi sentyabrın 22-də Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçirilib. Danimarka Baş nazirinin ofisinin rəsmi açıqlamasına əsasən, razılaşma Arktika və Şimali Atlantikada birgə müdafiə əməkdaşlığını gücləndirmək məqsədi daşıyır. Saziş zəruri parlament prosedurları tamamlandıqdan sonra qüvvəyə minəcək.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen mərasimdə ABŞ ilə təhlükəsizlik əməkdaşlığının davam edəcəyini vurğulayıb:
“Biz ABŞ-nin sadiq dostu və Qərb alyansının bir hissəsi olmuşuq, beləyik və belə də qalacağıq. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir, bizim təhlükəsizliyimiz isə sizin təhlükəsizliyinizdir”.
Nilsen bildirib ki, razılaşma Qrenlandiyanın Qərb alyansına bağlılığı ilə bağlı şübhələrə son qoymalıdır.
Danimarkanın Baş naziri Mette Frederiksen isə sazişin ABŞ-nin Qrenlandiyanın müdafiəsindəki tarixi rolunu tanıdığını deyib. O, razılaşmanın digər dövlətlərin adada hərbi mövcudluq və ya əhəmiyyətli təsir imkanları əldə etməsinin qarşısını almağa yönəldiyini bildirib. Frederiksen sənədi ABŞ, Qrenlandiya, Danimarka, NATO və Avropa arasında uzunmüddətli təhlükəsizlik əməkdaşlığının əsası kimi xarakterizə edib.
Razılaşmaya əsasən, ABŞ Qrenlandiyanın Narsarsuaq və Mestersviq ərazilərində daha iki hərbi məntəqə yaradacaq. Hazırda adada ABŞ-nin Pituffik Kosmik Bazası fəaliyyət göstərir. Danimarka tərəfi bildirib ki, saziş iki ölkə və Qrenlandiya arasında məsləhətləşmə qaydalarını saxlayır və Qrenlandiyanın Danimarka Krallığının tərkibindəki statusunu dəyişmir.