London polisi ilə masonlar arasında böhran dərinləşir

Fransadakı “Tiberius işi”ndən sonra bu dəfə Londonda polis rəhbərliyi mason üzvlüyü böhranı ilə üzləşib. Avropada gizli şəbəkə mübahisəsi yenidən gündəmdədir.

49

Avropada dövlət strukturlarında gizli təşkilat, o cümlədən mason lojası üzvlüyünün yaratdığı risklər yenidən gündəmə gəlib.

“Euronews”-un yaydığı məlumata görə, keçən ilin dekabr ayının 11-dən bəri Londonda Metropolitan Polis (Met) rəhbərliyi ilə mason lojası arasında üzvlük bildirişi ilə bağlı böhran yaşanır.

Məlumata əsasən, London polisində yüksək vəzifəli bəzi əməkdaşların mason lojasına üzvlüyünü rəhbərlikdən gizlətməsi və bu barədə rəsmi bəyanat verməməsi daxili yoxlamalara səbəb olub. Polis rəhbərliyi bildirib ki, gizli üzvlüklər maraqlar toqquşması yarada və qərarların obyektivliyinə xələl gətirə bilər. Həmçinin bildirilir ki, xidmət etdiyi qurumdan kənar bir quruma bağlılıq və sədaqət xəyanətə bərabərdir. Buna görə də polis sistemində çalışan masonlar bu barədə rəsmi bəyannamə verməlidirlər.

Məsələ ictimaiyyətə açılandan sonra Britaniyada dövlət strukturlarında gizli təşkilat üzvlüyünün şəffaflığı, etik normalar və təhlükəsizlik riskləri ətrafında geniş müzakirələr başlayıb.

İngiltərə Birləşmiş Böyük Lojası isə ən yüksək instansiya məhkəməyə şikayət göndərməyə hazırlaşır və bunu şəxsi azadlıqlara müdaxilə və ayrıseçilik hesab edir.

Böyük Britaniyada baş verən bu olay Avropada ilk və yeganə deyil. Zaman-zaman müxtəlif korrupsiya skandallarında, kriminal hadisələrdə masonların adları hallandırılır. Bu da böyük ehtimalla “sui-qəsd nəzəriyyələri” ilə bağlıdır.

Bu mövzunun tarixi simvollarından biri olan və “Tiberius işi” adı ilə tanınan qalmaqal illər əvvəl – 2002-ci ildə – Fransada təhlükəsizlik və ədliyyə sistemində mason şəbəkələrinin təsiri ilə bağlı ciddi suallar doğurmuşdu. Fransa Daxili İşlər Nazirliyi və kəşfiyyat qurumları daxilində yaradıldığı iddia edilən gizli “Tiberius” məlumat bazasında minlərlə hakim, prokuror, polis rəisi və yüksək vəzifəli məmurun mason lojasına üzvlüyü barədə qeyri-rəsmi məlumatların toplandığı üzə çıxmışdı.

Siyahının mövcudluğu uzun müddət inkar olunsa da, sızmalar cəmiyyətdə ədalət mühakiməsinin müstəqilliyi, kadr təyinatlarında qeyri-rəsmi təsir mexanizmləri və dövlətin neytrallıq prinsipi ilə bağlı ciddi narahatlıq yaratmışdı. Rəsmi şəkildə genişmiqyaslı məhkəmə hökmü verilməsə də, “Tiberius işi” Avropada gizli şəbəkələrin dövlət strukturlarına mümkün təsiri mövzusunda dönüş nöqtəsi hesab olundu.

Beləliklə, Fransadakı “Tiberius işi”ndən Londondakı son böhrana qədər uzanan bu xətt göstərir ki, Avropada dövlət aparatında gizli təşkilat şəbəkələrinin mümkün təsiri hələ də aktual problem olaraq qalır və demokratik institutlar üçün ciddi sınaq yaradır.