ABŞ 2027-ci il büdcə layihəsində Ukraynaya yardımı çıxardı

ABŞ administrasiyasının 2027-ci il müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardım üçün USAI proqramı üzrə yeni vəsait ayrılması nəzərdə tutulmayıb. Son qərarı Konqres verəcək.

8

ABŞ administrasiyasının 2027-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardımın əsas mexanizmlərindən biri olan “Ukraine Security Assistance Initiative — USAI” proqramı üzrə yeni vəsait ayrılması nəzərdə tutulmayıb. Bu, aprelin 30-da ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı məlum olub. 

Pentaqonun maliyyə rəhbəri vəzifəsini icra edən Culz Hörst senatorların sualına cavab olaraq 2027-ci il büdcə sorğusunda USAI üçün maliyyə ayrılmadığını təsdiqləyib. Ukrayna mediası və bir sıra beynəlxalq mənbələr onun “bu büdcədə USAI maliyyələşməsi yoxdur” dediyini yazıb.

USAI Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün yaradılmış proqramdır. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin məlumatına görə, proqram Ukrayna ordusuna təlim, avadanlıq, logistika, təchizat və digər təhlükəsizlik yardımlarını təmin etməyə yönəlib. Bu mexanizm Prezidentin birbaşa anbarlardan silah göndərməsi deyil, daha çox silah və texnikanın istehsalçılardan alınaraq Ukraynaya çatdırılması üçün istifadə olunur.

Proqram 2016-cı maliyyə ilindən fəaliyyət göstərir. ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi həmin il USAI çərçivəsində Ukraynaya təhlükəsizlik və kəşfiyyat dəstəyi üçün 300 milyon dolların nəzərdə tutulduğunu açıqlamışdı.

Qərar hələ yekun xarakter daşımır. Müdafiə büdcəsi administrasiyanın təklifidir və onun son variantı Konqresdə müzakirələrdən sonra formalaşacaq. Bu səbəbdən qanunvericilər payıza qədər layihəyə dəyişiklik edə və Ukraynaya yardım üçün ayrıca vəsait əlavə edə bilərlər. 2025-ci ildə də oxşar siyasi qarşıdurma yaşanmışdı: “Reuters” yazırdı ki, Senat komitəsi Tramp administrasiyasının istəməməsinə baxmayaraq 2026-cı il üçün Ukraynaya əlavə maliyyəni dəstəkləmişdi.

USAI-nin büdcədən çıxarılması ABŞ-ın Ukraynaya uzunmüddətli hərbi dəstəyində ciddi siyasi siqnal kimi qiymətləndirilir. Bununla belə, hazırda Ukraynaya əvvəlki illərdə təsdiqlənmiş paketlər çərçivəsində ayrılmış vəsaitlərin icrası davam edir. Pentaqon rəsmilərinin sözlərinə görə, Konqres tərəfindən daha əvvəl təsdiqlənmiş 400 milyon dollarlıq yardım paketi də ayrıca istifadə olunmalıdır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031