Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdı

Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırıb. Parlament Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakını da dayandırıb və “Avronest”dən çıxış proseduruna başlayır.

11

Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib. Qərar parlamentin mayın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb, səsverməyə qoyulub və qəbul edilib.

Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Bundan başqa, Azərbaycan parlamentinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakı da dayandırılıb.

Sənəddə həmçinin “Avronest” Parlament Assambleyasında Milli Məclisin üzvlüyünə xitam verilməsi üçün prosedurların başlanması nəzərdə tutulur. Prosedur dövründə Azərbaycan nümayəndə heyəti “Avronest” Parlament Assambleyasının tədbirlərində iştirak etməyəcək.

Qərar Avropa Parlamentinin aprelin 30-da Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən sonra verilib. Azərbaycan tərəfi həmin qətnaməni “qərəzli” və “anti-Azərbaycan xarakterli” sənəd kimi qiymətləndirib. Bakı sənəddə Qarabağ erməniləri, saxlanılan erməni əsilli şəxslər və mədəni irslə bağlı müddəaları rədd edib, Avropa İttifaqının Azərbaycandakı səfiri də XİN-ə çağırılaraq ona etiraz notası təqdim olunub.

Milli Məclisin qərarı ilə Azərbaycan–Avropa Parlamenti xəttində parlament diplomatiyası faktiki olaraq dayandırılmış sayılır. Bu addım Bakı ilə Avropa Parlamenti arasında son illərdə artan siyasi gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031